Bakı Mühəndislik Universitetinin (BMU) qızlar yataqxanasının tələbələri ilə görüş keçirilib. Aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirak etdiyi görüşün təşkilində əsas məqsəd burada yaşayan tələbələri dinləmək, onları narahat edən məsələləri yerindəcə araşdırmaq və müvafiq tədbirlərin görülməsi olub.
Görüşdə çıxış edən BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə universitetdə tələbələrin yataqxana ilə təminatının ən müasir tələblərə cavab verməsi üçün müvafiq işlərin görüldüyünü bildirib. İstər oğlanlar, istərsə də qızlar üçün nəzərdə tutulan yataqxanalarda tələbələrin yaşayışı və asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Prorektor əlavə edib ki, akt və fitnes zalları, iaşə və məişət xidmətinin fəaliyyət göstərdiyi binalarda tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol və futbol stadionları var.
B.Hüseynzadə onu da vurğulayıb ki, yataqxanalarda təhlükəsizlik, nizam-intizama ciddi riayət olunması, eyni zamanda qida təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzində saxlanılır.
Görüşdə tələbələr onları narahat edən məsələlərə toxunub, rəy və təkliflərini bildiriblər.
Prorektor səsləndirilən təkliflərə münasibət bildirib. Qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, araşdırma tələb edən bəzi təkliflər isə qeydə alınıb.
Sonda tələbələr belə bir görüşün təşkil olunmasına görə universitetin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi