Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov Şimali Kipr Türk Cümhuriyyətində “Cəmiyyətdəki dəyişikliklər və innovasiya” mövzusunda keçirilən VII TURKCESS konqresində iştirak edib.
Konqres təşkilatçılarının qərarı ilə hər il bir nəfərə verilən “Türk Dünyası Hizmet Ödülü”nə bu il BMU-nun prorektoru türk dünyası ilə əlaqəli çoxsaylı tədqiqatlar apardığı üçün layiq görülüb. Mükafat Yıldız Texnik Universitetinin rektoru, professor Tamer Yılmaz ve konqresin təşkilat komitəsinin sədri, professor Mehmet Engin Deniz tərəfindən təqdim edilib.
Beş fərqli kateqoriyada verilən mükafatın digəri isə Yakın Doğu Universitetinin dosenti, istedadlı rəssam həmyerlimiz Murad Allahverdiyevə BMU-nun prorektoru tərəfindən təqdim olunub.
E.Süleymanov, eyni zamanda, həmmüəllif olduğu iki tədqiqatı ilə konfrasın işinə qatılıb və müxtəlif türk cümhuriyyətlərindən olan elm adamlarının iştirakı ilə keçirilən panelin sədri olub. Onun sədrliyi ilə keçirilən paneldə maraqlı müzakirələr aparılıb.
5 gün davam edən konqresdə rektor Tamer Yılmaz və universitetin rəhbər heyəti ilə BMU arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Kıbrıs Səhiyyə və İctimai Elmlər Universitetində təşkil olunan konqresdə Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatar və 20-dən artıq ölkədən iki yüzdən çox elm adamı iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi