BMU-nun prorektoru “2023-ə Doğru Türkiyədə Ali Təhsil” Simpoziumunda çıxış edib

02 Aprel 2021
BMU-nun prorektoru “2023-ə Doğru Türkiyədə Ali  Təhsil” Simpoziumunda çıxış edib

Türkiyə Təhsil üzrə Azad Həmkarlar İttifaqının (Türk Eğitim-Sen) təşkilatçılığı ilə II Maarif  Konqresi çərçivəsində  “2023-ə Doğru Türkiyədə Ali  Təhsil” Simpoziumu keçirilib.

İki gün davam edən tədbirdə Türkiyənin müxtəlif universitetlərinin rəhbərliyində yer alan elm adamları iştirak edib. Simpoziuma xüsusi məruzəçi qismində dəvət olunan Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru dos. Elçin Süleymanov  “Dünya universitet reytinqlərində türk dünyası universitetlərinin yeri və dünya səviyyəli universitet necə qurulur” mövzusunda məruzə ilə çıxış edib. BMU prorektorunun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Dos.E. Süleymanov tədbirin təşkilatçıları tərəfindən bu ilin iyul ayında Türkiyə Böyük Millət Məclisində keçiriləcək və Türkiyənin hökumət, eləcə də universitet rəhbərlərinin qatılacağı “II Maarif Konqresi” nə xüsusu məruzəçi qismində dəvət edilib.

Qeyd edək ki, “2023-ə Doğru Türkiyədə Ali  Təhsil” Simpoziumunun aşılışında Türk Eğitim-Sen Başkanı Talıb Geylan, Yükseköğretim Kalite Kurulu  (YÖK) İdarə Heyəti üzvü Prof. Dr. Mehmet Fat, UNESCO Türkiyə Milli Komissiyası rəhbəri Prof. Dr. Öcal Oğuz, sədr müavini Cengiz Kocakaplan və bu sahədə çalışan mütəxəssislər iştirak ediblər. Ümumilikdə toplantıda öz sahələrində təcrübəli mütəxəssis olan, ali təhsil  sistemində fəaliyyət göstərən  və ali təhsilin idarəedilməsində rol alan 30-a yaxın elm adamının “Universitetlərin idarəedilməsi”, “Universitetin cəmiyyətdə rolu”, “Bakalavr sonrası ali təhsilin problemləri”, “Ali təhsildə etika”, “Dünya universitetləri arasındakı yerimiz” bölmələri üzrə məruzələri dinlənilib.

Tədbirdə ali təhsilin problemləri və həlli yolları mütəxəssislər tərəfindən ətraflı müzakirə edilib, həmçinin türk ali təhsilinin aktual problemləri nəzərdən keçirilib. 2023-cü il və növbəti illərdə  ideal bir universitet quruculuğu  barədə proqnozlar da ortaya qoyulub.

 Simpoziumla bağlı hazırlanacaq hesabatlar həm müvafiq dövlət qurumlarına göndəriləcək, həm də oxucuların və tədqiqatçıların istifadəsi üçün əlçatan formada nəşr ediləcək.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər