Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində ölkəmizin nümayəndə heyətinin Litva Respublikasının Vilnüs şəhərinə təşkil edilən səfəri başa çatıb.
Azərbaycanın 20-yə yaxın ali təhsil müəssisəsinin məsul şəxslərinin, Elm və Təhsil Nazirliyinin nümayəndəsinin qatıldığı, tədris və keyfiyyət təminatı üzrə Litva təcrübəsinin öyrənilməsi məqsədi daşıyan səfərdə BMU-nu tədris işləri üzrə prorektor, professor Həmzağa Orucov və tərbiyə işləri üzrə prorektor Bayram Hüseynzadə təmsil edib.
Mykolas Romeris Universitetinin ev sahibliyi ilə gerçəkləşdirilən səfər proqramı çərçivəsində Litva Rektorlar Konfransının, ali təhsil sisteminin, həmçinin bu ölkənin Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitənin rolu, ali məktəblərin milli akkreditasiya sistemi, ali təhsil müəssisələrinin nəticəyə əsaslanan maliyyələşdirmə modeli üzrə təqdimatlar həyata keçirilib.
Səfər proqramının digər mühüm istiqamətini təhsildə keyfiyyət təminatı məsələləri təşkil edib. Bu istiqamət üzrə Mykolas Romeris Universitetinin keyfiyyət təminatı sahəsində təcrübəli ekspertləri universitetin daxili keyfiyyət təminatı sistemi, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”a uyğunluq, tədris proqramının və ixtisas komitələrinin rolu, tələbə mərkəzli tədris, öyrənmə və qiymətləndirmə barədə təcürübələrini bölüşüblər. Bununla yanaşı, universitetin akademik heyətin idarəedilməsinə dair siyasəti, pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması və sertifikatlaşdırılması, o cümlədən pedaqoji heyətin peşəkar inkişafı kimi mühüm mövzularda məhsuldar fikir mübadilələri aparılıb.
Seminarlarla yanaşı, Azərbaycan nümayəndə heyəti Mykolas Romeris Universitetinin kampusu, o cümlədən kitabxanası və tədris laboratoriyaları ilə tanış olublar.
Səfər müddətində layihənin koordinatoru Gülşən Bayramova layihə üzrə aralıq monitorinq nəticələri barədə iştirakçılara məlumat verib. Yekunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov tərəfindən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində təşkil olunan Tədris və keyfiyyət təminatı üzrə komitənin iclası keçirilib. İclasda komitənin fəaliyyət planı və həyata keçiriləcək layihələr üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir.
İctimaiyyətlə əlaqələr şöbəsi