Bakı Mühəndislik Universiteti (BMU) 26-27 aprel tarixlərində Pakistanda keçiriləcək “Davamlı inkişafda riyaziyyat və əlaqəli elmlərin rolu: sənaye və akademiya arasında körpü” (ICRMASSD: BIA-2024) mövzusunda I Beynəlxalq konfransda təmsil olunacaq.
Sind Ali Təhsil Komissiyasının (SHEC) dəstəyi, Karaçi Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə Sind əyalətində Heydarabad Dövlət Kollec Universitetində baş tutacaq konfransa BMU-nun Riyaziyyat kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru Rakib Əfəndiyev əsas məruzəçi qismində qatılacaq. “İ̇nverse scattering problem for the indefinite non-self-adjoint differential operator on the axis” adlı məruzə ilə çıxış edəcək Rakib Əfəndiyev bu sahədə öz təcrübələrini paylaşacaq.
Konfras çərçivəsində BMU professorunun Karaçi Universitetində mühazirə ilə çıxışı da nəzərdə tutulur.
Tədqiqatçı, akademik, professor-müəllim heyəti, tələbə və sənaye mütəxəssislərinı bir araya gətirən beynəlxalq konfransın məqsədi riyaziyyat və əlaqəli elmlərin dayanıqlı inkişafda oynaya biləcəyi mühüm rolun müzakirəsi, sənaye ilə akademiya arasındakı boşluğun aradan qaldırılmasıdır. Beynəlxalq tədbir davamlı inkişaf üçün tətbiqi riyaziyyat, süni intellekt, kriptoqrafiya, dron texnologiyası və ətraf mühitin monitorinqi, kosmos elmləri, ölçülər nəzəriyyəsi və digər mühüm istiqamətləri əhatə edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi