Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin magistr tələbələri Moskva Rabitə və İnformatika Texniki Universitetində keçirilən “Rabitə sistemlərində proseslərin avtomatlaşdırılması və informasiya texnologiyaları” adlı elmi texniki konfransda onlayn formada məruzə ilə çıxış ediblər.
Avtomatika və elektroenergetika kafedrasının professoru Bayram İbrahimovun rəhbərliyi ilə BMU tələbələrinin - Elgin Quliyev, Zeynəb Ağaxanlı və Aysel Əlimirzəyevanın (M1281A1 və A2 qrup) məruzəsi “Diskret siqnalların qəbulu zamanı maneəyədavamlılığın qiymətləndirilməsi üçün riyazi modelin təhlili və tədqiqi” mövzusuna həsr edilib. Magistrantların məruzəsi maraqlı və elm tutumlu olduğundan konfrans iştirakçıları tərəfindən elmi polemikaya səbəb olub.
Məruzə konfransın iclasından sonra “Şəbəkə informasiya texnologiyaları və xidmətləri” bölməsinin təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilib, onun “Telekommunikasiya və informasiya texnologiyaları” jurnalında çapa verilməsi tövsiyə edilib. Bununla yanaşı, magistrantlara sertifikatların verilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, professor B.İbrahimovun rəhbərliyi ilə tələbələrimizin bu ilin may ayında Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetində təşkil olunacaq “İnfotelekom 2022” üzrə beynəlxalq olimpiadada onlayn formada iştirakı nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi