Bakı Mühəndislik Universitetində (BMU) “44-cü ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin regional mərhələsi (XV Azərbaycan Çempionluğu) keçirilib. Müsabiqədə 18 ali təhsil müəssisəsindən 54 komanda və 3 məktəblilər komandası (müsabiqədən kənar) iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov müsabiqə iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. O, informasiya texnologiyaları sahəsinin dünyanın, eləcə də müasir dövrdə ölkəmizin inkişafındakı rolundan danışıb. BMU-da bu sahə ilə bağlı yüksək səviyyəli müasir laboratoriyalar və kadr potensialının olduğunu diqqətə çatdıran prorektor, universitetin maddi-texniki bazasının beynəlxalq müsabiqələrin keçirilməsi üçün lazım olan tələblərə cavab verdiyini, bunun da müsabiqənin təşkilatçıları tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.
Müsabiqənin Azərbaycan üzrə regional direktoru, Bakı Dövlət Universetinin dosenti Ramin Mahmudzadə çıxışında tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ümumilikdə bu müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən prestijli müsabiqədir. Müsabiqə iştirakçıları dünyanın ən nüfuzlu universitetlərinin tələbələridir. Müsabiqədə iştirak etmiş tələbələr məzun olduqdan sonra informasiya texnologiyaları sektorunda dünyanın məşhur və aparıcı şırkətləri tərəfindən iş təklifi alırlar.
Müsabiqənin baş sponsoru olan PAŞA Bankın nümayəndəsi Vüsal Xəlilov müsabiqə iştirakçılarına uğurlar arzulayıb, gələcəkdədə bu tipli lahiyələrə dəstək verəcəklərini bildirib.
Müsabiqənin Azərbaycan üzrə koordinatoru Etibar Seyidzadə müsabiqənin şərtləri, keçirilmə qaydaları və texniki məsələlər haqqında məlumat verib.
Çıxışlardan sonra müsabiqə başlayıb. Müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə http://opentrains.mipt.ru/~ejudge/showres.cgi?data=res625 saytında avtomatik sistemlə aparılıb.
Müsabiqənin nəticələrinə görə BMU-nun Baku EU 1 komandası I, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ASOIU 2 komandası II, Azərbaycan-Fransa Universitetinin UFAZ 1 komandası III yerə layiq görülüblər.
Müsabiqədə müvəffəqiyyət qazanmış komandalar 29 noyabr-1 dekabr 2019-cu il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək 44-cü ICPC müsabiqəsinin növbəti yarımfinal mərhələsində və “Cənubi Qafqaz açıq çempionatı”nda iştirak etmə hüququ əldə ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi