Bakı Mühəndislik Universitetinin (BMU) iki komandası “47-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsində (XVIII Azərbaycan Birinciliyi) uğur əldə ediblər.
Belə ki, universitetin “BEU 1” (Balabəy Orujov, Cəfər Tarverdiyev, Sadiq Məlikov) və “BEU 2” (Adil Cəfərli, Mais Şabanov, Əlifağa Salmanov) komandaları III dərəcəli diploma layiq görülüblər. Bununla da hər iki komanda 5-11 dekabr 2022-ci il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində keçiriləcək “47-ci ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak etmə hüququ qazanan komandalar sırasında yer alıblar.
BMU və ADA Universitetinin təşkilatçılığı, “PAŞA Bank”-ın dəstəyi ilə keçiirlən regional mərhələdə Azərbaycanın 12 ali təhsil müəssisəsindən 39 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib və cavablar avtomatik qiymətləndirmə sistemi ilə yoxlanılıb. BMU-da baş tutan müsabiqənin regional mərhələsinin nəticələri ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: http://ejudge.opencup.org/~ejudge/az2022regional
Məlumat üçün bildirək ki, müsabiqənin Azərbaycan üzrə təsnifat mərhələsi 30 oktyabrda hər universitetin öz bazasında keçirilib. Təsnifat mərhələsində ümumilikdə 22 ali təhsil müəssisəsindən 105 komanda iştirak edib.
“ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi (https://icpc.global) 1977-ci ildən mütəmadi olaraq keçirilməkdədir. 45-ci ICPC 2020-2021 statistikasına görə, son müsabiqədə 104 ölkənin 3406 ali təhsil müəssisəsindən 58962 (19654 komanda – hər komandada 3 tələbə) iştirak edib. Bu komandalardan 132-si final mərhələsinə qədər yüksəliblər. Azərbaycan ali təhsil müəssisələrinin komandaları bu müsabiqədə 2003-cü ildən etibarən iştirak etməkdədirlər.
İctimaiyyətlə əlaqələr şöbəsi