BMU-nun əməkdaşları ECAR layihəsi çərçivəsində keçirilən təlimdə iştirak edib

12 Aprel 2022
BMU-nun əməkdaşları ECAR layihəsi çərçivəsində keçirilən təlimdə iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları (Elmi işlər üzrə prorektor, dosent  Elçin Süleymanov və Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova) “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində keçirilən təlimdə iştirak ediblər.

 Azərbaycan Universitetinin ev sahibliyi, Azərbaycan HR İnstitutunun dəstəyi ilə baş tutan və “Liderliyin əsasları” mövzusuna həsr olunmuş təlimə layihənin yerli tərəfdaşı olan 16 ali təhsil müəssisəsinin rəhbər şəxsləri qatılıb.

Tədbirdə Azərbaycan Universitetinin Elmi işlər üzrə prorektoru Yusif Qasımov layihə çərçivəsində görülən işlər barədə qısa məlumat verib.

Universitetin rektoru Səadət Əliyeva çıxışında bildirib ki, bu qəbildən olan təlimlər zamanı aparılan müzakirələr Azərbaycan elminin və təhsilinin inkişafına, həmçinin ECAR layihəsinin uğurlu icrasına, layihə üzrə müəyyənləşdirilən məqsədlərə nail olunmasına öz töhfəsini verəcək. Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin sıx əməkdaşlığının Azərbaycan təhsilinin qarşısında daha geniş üfüqlər açacağını qeyd edən rektor təlimin işinə uğurlar arzulayıb.

Azərbaycan HR İnstitutunun təsisçisi Emil Hüseynov rəhbərlik etdiyi təşkilatın ölkəmizdə insan kapitalının inkişafına dəstək vermək məqsədini daşıdığını vurğulayıb, eyni zamanda ECAR layihəsi ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edib.

“Liderliyin əsasları” təlimi ilə davam edən tədbirdə “Fərdi performansın komponentləri”,  “Korporativ performansın komponentləri”, “Motivasiya”, “Maslow teoriyası”, “Herzberg teoriyası”, “Situativ liderlik modeli”, “Feedback verilməsi qaydaları”, “DİSC davranış modeli” mövzularından ətraflı bəhs olunub.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, BMU-nun tərəfdaş olduğu layihənin əsas məqsədi milli inkişaf strategiyalarına əsaslanaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və maraqlı tərəflər arasında əməkdaşlığı daha da inkişaf etdirməkdir. 2021-2024-cü illəri əhatə edən layihənin koordinatoru Bakı Biznes Universitetidir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər