1-5 iyul 2019-cu il tarixlərində Bakı Mühəsdislik Universitetinin Kompüter və İnformasiya Texnologiyaları kafedrasının müdiri Babək Abbasov və kafedranın laboratoriya müdiri Rauf Süleymanlı İngiltərənin Derbi Universitetində təşkil olunmuş və Avropa İttifaqının maliyyələşdirdiyi “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı üzrə magistr proqramlarının hazırlanması (MAGNUS)” ERASMUS+KA2 layihəsi çərçivəsində növbəti tədbirdə iştirak ediblər. Tədbirin ilk günü İsveçin Linkopings Universitetinin professoru və “MAGnUS” Erasmus+ KA2 layihəsinin rəhbəri Janerik Lundquist tədbir barədə təlim iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra Derbi Universitetinin müəllimi və layihənin beynəlxalq təlimçisi, professor Karlton Mak Donald təlimçiləri dörd günlük proqram haqqında ətraflı məlumatlandırıb və təlimlərə start verilib.
Səfərdən sonra BMU-nun əməkdaşları Beynəlxalq əlaqələr üzrə prorektorluğun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsində layihənin işçi qrupu ilə birlikdə təlim haqqında ətraflı müzakirələr aparıblar. Müzakirələrdə layihənin 3 illik (2019-2021-ci illərdə) icrası müddətində BMU-nun üzərinə düşən vəzifə və öhdəliklər, layihə çərçivəsində xarici tərəfdaşlardan öyrənilmiş təcrübənin digər universitetlər arasında tətbiqi yolları, BMU-da qurulacaq laboratoriya təşkili barədə, həmçinin layihə çərçivəsində açılacaq yeni magistr proqram üzrə fənlər və kurriklum barədə fikir mübadiləsi aparılıb.