Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova Dövlət Məşğulluq Agentliyinin ali təhsil müəssisələrinin Karyera Mərkəzlərinin rəhbərləri arasında təşkil etdiyi onlayn görüşdə iştirak edib.
Görüşdə gənclərə karyera planlaması ilə bağlı müasir tələb və standartlara uyğun istiqamətlərin verilməsi məqsədilə agentliyin nəzdində Karyera Mərkəzinin yaradılacağı barədə məlumat verilib. Bununla yanaşı, agentlik ilə ali təhsil müəssisələrinin Karyera Mərkəzləri arasında qurulacaq əməkdaşlıqların əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, Karyera Mərkəzinin tərkibində fəaliyyət göstərəcək layihələr və kurslar barədə görüş iştirakçıları məlumatlandırılıb. Bildirilib ki, yeni yaradılacaq mərkəzdə vətəndaşlara işə qəbul prosesi zamanı yardımçı olacaq konsultasiyalar aparılacaq, CV hazırlanması ilə bağlı məsləhətlər veriləcək, eləcə də şəxsə uyğun uğurlu CV formasının hazırlanmasında dəstək göstəriləcək.
Ali təhsil müəssisələrinin nümayəndələri də öz növbəsində təmsil etdikləri universitetlərdə Karyera Mərkəzlərinin faəliyyətində önəmli mövzular barədə danışıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi