Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov ali təhsil ocağının Xarici dillər kafedrasının müdiri, dosent Ətrabə Gülə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və vəsiqəsini təqdim edib.
Qeyd edək ki, bir müddət öncə təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Ətrabə Gül elm və təhsilin inkişafındakı səmərəli fəaliyyətinə, həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə bu ada layiq görülüb.
Rektor Havar Məmmədov Ətrabə Gülün elmi fəaliyyətlə yanaşı, universitetin Qadınlar Şurasının sədri kimi ölkəmizin ictimai-sosial həyatında aktiv fəaliyyəti ilə fərqləndiyini bildirib. Onun bu istiqamətdə gerçəkləşdirdiyi səmərəli layihələrin həmişə yüksək dəyərləndirildiyini qeyd edən rektor Ətrabə Gülə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ətrabə Gül Azərbaycan Dillər Universitetinin (ADU) Roman-German dilləri filologiyası fakültəsinin bakalavr və magistr səviyyələrini fərqlənmə diplomu ilə bitirib. O, müxtəlif illərdə ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışıb. Həmin dövrlərdə pedaqoji fəaliyyətdə əldə etdiyi nailiyyətlərə, gənc nəslin təlim-tərbiyəsində və ictimai işlərdə göstərdiyi fəallığa görə rəhbərlik tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb.
BMU-nun dosenti İngiltərənin ən nüfuzlu dövlət universitetlərindən olan Essex Universitetində araşdırmalar aparıb, elmi əməkdaşlıqlar edib və intensiv təlimlər keçib. Bununla yanaşı, o çoxsaylı beynəlxalq sertifikatlarla təltif olunub. 50-dən çox elmi məqalə, dərslik, dərs vəsaiti, fənn proqramlarının müəllifi olan Ətrabə Gül respublika daxili və respublikadan kənar təşkil olunmuş konfrans, qurultay və simpoziumlarda məqalə və tezislərlə çıxış edib. Hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan və ingilis ədəbiyyatlarında təbiətlə bağlı simvollar intertekstual kontekstdə” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
Ətrabə Gül ictimai-sosial fəaliyyətinə görə də müxtəlif diplom, medal və fəxri fərmanlara layiq görülüb.
İctimaiyyətlə əlaqələr şöbəsi