Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Tədqiqat və innovasiya akademiyası” layihəsinə start verilir.
Layihənin əsas məqsədi ali təhsil məkanında elmi-tədqiqat və ixtiraçılıq potensialının gücləndirilməsidir. Bununla yanaşı, BMU-nun kadr potensialının artırılması, akademik heyətin peşəkar inkişafının təmin edilməsi və elmi-tədqiqatlarda keyfiyyətin yüksəldilməsi də əsas hədəflər kimi müəyyən edilib.
Layihə çərçivəsində 29 iyun 2021-ci il tarixindən etibarən “Sosial elmlərdə tədqiqatçılıq” başlığı altında proqramın icrasına başlanılacaq. BMU-nun Dünya iqtisadiyyatı kafedrasının dəstəyi ilə universitet daxilində gənc tədqiqatçılar üçün nəzərdə tutulan və 6 ay müddətində davam edəcək proqramın məqsədi tədqiqat marağı və potensialı olan, bu istiqamətdə fəaliyyət göstərmək istəyən gənc kadrların hazırlanması, onların nüfuzlu beynəlxalq elmi jurnallarda elmi nəşrlərinin çap edilməsi üçün dəstəklənməsidir.
Həmçinin, bu proqramları uğurla başa vuran gənc tədqiqatçıların yeni tədqiqatçıların hazırlanması prosesində aparıcı rol alması da nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, proqram çərçivəsində fərqli modullarda həm yerli, həm də əcnəbi mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Proqram müddəti ərzində mütəmadi olaraq təlim prosesi və təlimçilər haqqında ətraflı məlumatlar veriləcək.
Qeyd edək ki, ilk proqramın rəhbəri BMU-nun Dünya iqtisadiyyatı kafedrasının müdiri, bir sıra nüfuzlu elmi-jurnalların redaksiya heyətinin üzvü, i.ü.f.d. Şəhriyar Muxtarovdur. O, 60-dan çox elmi əsər (bunlardan 30-dan çoxu Web of Science və Scopus məlumat bazalarında indekslənən jurnallarda dərc edilib), 1 dərs vəsaiti və İngiltərənin nüfuzlu Emerald nəşriyyatında çap olunmuş “Strategic Outlook in Business and Finance Innovation: Multidimensional Policies for Emerging Economies” kitabının 1 fəslinin müəllifidir.
İctimaiyyətlə əlaqələr şöbəsi