16-20 sentyabr 2019-cu il tarixlərində Şamaxı Astrofizika Rəsədxanasının yaranmasının 60 illik yubileyi münasibətilə rəsədxanada beynəlxalq elmi konfrans keçirilir. Konfransda azərbaycanlı alimlərlə birlikdə 10-na yaxın ölkədən 70 alim iştirak edir.
BMU-nu bu konfransda fizika kafedrasının professoru Əyyub Quliyev və həmin kafedranın dissertantı Həzi Qasımov təmsil edirlər. Konfransın 1-ci günündə professor Əyyub Quliyevin “Hypothesis of the large planetary body on the periphery of the Solar System” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Bu tədqiqat işində professor günəşdən təqribən 350 a.v. məsafədə 10 yer kütləsinə malik 9-cu planetin olması hipotezini irəli sürüb. Alimin uzun dövrülü kometlər üzərində apardığı tədqiqatlar və riyazi hesablamalar 9-cu planetin məhz həmin bölgədə olması ehtimalını gücləndirir. Qeyd edək ki, bu sahədə aparılan tədqiqat işi 2019-cu ildə impakt faktoru yüksək olan jurnalda məqalə şəklində çapdan çıxmışdır.