BMU nümayəndələri Hebei Texnologiya Universitetində olublar

10 İyul 2025
BMU nümayəndələri Hebei Texnologiya Universitetində olublar

Çin Xalq Respublikasında səfərdə olan Bakı Mühəndislik Universitetinin (BMU) müəllim və tələbə heyəti  ölkənin tanınmış ali təhsil müəssisələrindən sayılan Hebei Texnologiya Universitetini ziyarət edib.

Nümayəndə heyətini salamlayan Beynəlxalq Mübadilə Mərkəzinin direktoru Ma Shuo universitet haqqında qonaqlara ətraflı məlumat verib. Ali təhsil ocağının mühəndislik, dizayn və biznes sahələrində bakalavr, magistratura, eləcə də doktorantura proqramları əsasında yeni elmi, texnoloji biliklərə malik ixtisaslı kadrlar hazırladığını bildirən Ma Shuo universitetin innovativ təhsil imkanları və infrastruktur potensialı, beynəlxalq əlaqələrinə diqqət çəkib.

Görüş zamanı hər iki universitetin təqdimatı keçirilib, tanışlıq məqsədilə videoçarx nümayiş etdirilib. Sonra tərəflər arasında əlaqələrin qurulması, müəllim, tələbə mübadiləsi, birgə yay məktəbi proqramlarının təşkili və digər istiqamətlər üzrə mümkün əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, BMU nümayəndələri Hebei Texnologiya Universitetinin memarlıq və dizayn korpusuna baxış keçirərək, tədris üçün yaradılan müasir infrastrukturla tanış olublar.

Qeyd edək ki, BMU nümayəndə heyətinin Çinə səfəri bu il Pekin Kimya Texnologiya Universiteti ilə imzalanmış ikili diplom proqramının icrası çərçivəsində həyata keçirilib. Səfər zamanı tələbələr üçün yay məktəbi təşkil ediləcək, elmi-tədris əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq. Qurulan əməkdaşlıq əlaqələri, habelə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən olan “Keyfiyyətli təhsil” və “Məqsədlər üçün tərəfdaşlıq” istiqamətlərinə töhfə verir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər