“Sabahın alimləri” X Respublika Müsabiqəsinin final mərhələsində Baki Mühəndislik Univerisitetinin (BMU) Pedaqoji fakültəsinin əməkdaşlarının rəhbərlik etdikləri şagirdlər uğur qazanıb.
BMU-nun Riyaziyyat kafedrasının müdiru dosent Rakib Əfəndiyevin elmi rəhbərliyi və Pedaqoji fakültənin “Riyaziyyat müəllimliyi” ixtisasının son kurs tələbəsi Günəş Xankişiyevanın şagirdlərlə birgə çalışması və yönləndirməsi nəticəsində Bakı şəhəri, BDU-nun nəzdində “Gənc İstedadlar” Liseyinin IX sinif şagirdləri İsmayılova Ayan Fəxri qızı və Novruzov Murad Fazil oğlu “Riyaziyyat” kateqoriyasi üzrə “Koingsberq körpülərindən Covid-19-a gedən yol” adlı layihə ilə müsabiqənin 2-ci yerinə layiq görülüblər. Layihə maraqlı tarixçəsi olan Qraflar nəzəriyəsinin ölkəmizdə daha geniş tədbiqinə əsaslanıb. Çox geniş tədbiq sahəsinə malik olan Qraflar nəzəriyəsinin günümüzdə aktual bir problem olan Covid-19-un araştırılmasındakı önəmi və tibb sahəsindəki bəzi problemlərə yaradıcı fikirlər ortaya qoyulub.
Bununla yanaşı, universitetin Pedaqoji fakültəsinin “Riyaziyyat və informatika” kafedrasının baş müəllimi Bəhman Məmmədovun rəhbərliyi ilə Bakı Avropa liseyinin 11-ci sinif şagirdləri Hacılı Cavid Rauf oğlu və Məmmədli Əsma Mübariz qızının təqdim etdiyi “Hüquq sisteminin riyazi modeli” layihəsi və 9-cu sinif şagirdi Ələkbərzadə Nihat Cavid oğlunun təqdim etdiyi “Çevrədə yeni münasibətlər” layihəsi 3-cü yerə layiq görülüb. Qeyd olunan birinci layihə hüquqla riyaziyyatın qarşılıqlı əlaqəsinin araşdırılmış, ikinci layihədə isə toxunan çevrələrin radiusları arasındakı münasibətlərə uyğun olaraq yeni bərabərsizlik təqdim olunub.
Məlumat üçün bildirək ki, 2012-ci ildən başlayaraq keçirilən “Sabahın alimləri” respublika müsabiqəsində hər il BMU əməkdaşlarının rəhbərliyi ilə orta məktəb şagirdləri iştirak edir. Müsabiqə İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş məktəblilərin seçilərək ABŞ-da keçirilən İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.
Onu da qeyd edək ki, müsabiqənin final mərhələsi bu ilin ilin fevral ayında onlayn şəkildə həyata keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi