Bakı Mühəndislik Universiteti (BMU) məzunlarının işlə təmin olunmasına görə ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biridir. Son illərdə universitet məzunlarının 85 faizə yaxını işlə təmin olunub. Məzunların bir qismi isə ölkə daxilində və xaricdə magistratura pillələrində təhsillərini davam etdirirlər.
Əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr ehtiyacları universitet və müəssisələr arasında olan əməkdaşlığın artmasına təkan verən mühüm amillərdən biridir. Nüfuzlu yerli və xarici şirkətlərlə, dövlət qurumları ilə sıx əməkdaşlığın qurulması məqsədilə universitet rəhbərliyi tərəfindən tez-tez yerli və xarici şirkət təmsilciləri ilə işgüzar görüşlər keçirilir, tələbələrin həmin qurumlarda təcrübə keçmələrinə əlverişli şərait yaradılır. Belə görüşlər zamanı təcrübə yerləri, işlə təminat, birgə seminarlar və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələlərində razılaşmalar əldə edilir.
Universitetdəki ciddi nizam-intizamı, güclü maddi-texniki bazanı, beynəlxalq səviyyəli təhsili təqdir edən nüfuzlu özəl və dövlət şirkətləri universitetə əməkdaşlıq üçün müraciətlər edirlər. Tanınmış özəl və dövlət şirkətlərinin gələcək kadrlarını BMU tələbələri arasından seçməsi universitetdəki təhsilin keyfiyyətinin ən bariz nümunəsidir.
Nəzərə çatdıraq ki, son dövrlər məzunların işlə təminatı, istehsalat təcrübəsi keçmələri məqsədilə BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamenti tərəfindən 70-dən çox yerli və xarici müəssisənin İnsan resurları departamentinin əməkdaşları ilə çoxsaylı görüşlər keçirilib, bir sıra fəaliyyətlər icra edilib. Yerli və beynəlxalq müəssisələrin təşkil etdiyi təcrübə proqramları haqqında tələbələr daim məlumatlandırılıb və onların bu proqramlarda iştirakı təmin olunub. Bundan başqa, hər il məzunların iş tapmasına əməli köməklik göstərilməsi üçün şirkətlərdən gələn təcrübə, təqaüd və yarımştat iş elanlarının tələbələrə birbaşa çatdırılması məqsədilə görüşlər təşkil olunur, həmçinin ən son məlumatları alınaraq elektronlaşdırılır.
Son illər BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamenti fəaliyyət dairəsini daha da genişləndirib. Bunlardan biri kimi departament tərəfindən ölkə daxilində və xaricdə olan məzunlarla daha sıx əlaqələr qurulur. Qeyd edək ki, hazırda BMU məzunları dünyanın bir çox ölkəsində (ABŞ, Kanada, Kolumbiya, Rusiya, Almaniya, Avstraliya, Sudan, Çexiya, Danimarka, Fransa, İngiltərə, İsveç, İtaliya, Meksika, Qazaxıstan, Yaponiya, Türkiyə və s.) çalışırlar. Departament tərəfindən yaradılan “Məzun Gmail Qrupu” (BMUmezunu@googlegroups.com) vasitəsilə məzunlar universitetdəki ən son yeniliklər, fəaliyyətlər, vakansiyalar, tədbirlər və seminarlar barədə məlumat əldə edirlər. İşsiz məzunlarla tez-tez əlaqə saxlanılır, onlar yeni iş yerləri və vakansiyalardan xəbərdar edilir.
Yaxın gələcəkdə məzunlarla əlaqə mexanizminin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, Məzunlar Assosiasiyası və Məzun Platformasının yaradılması, fəxri məzunlarla sistemli əlaqə mexanizminin qurulması, onların əlamətdar tədbirlərə dəvət edilməsi və elektron məlumat bazalarının formalaşdırılması planlaşdırılıb. Assosiasiyanın yaradılmasında məqsəd BMU məzunlarının harada olmasından asılı olmayaraq, onlarla daha sıx əlaqə yaratmaq, vaxtaşırı görüşlər keçirmək, dünyanın müxtəlif ölkələrinə yayılmış məzunları bir araya gətirmək, eləcə də onların sahibkarlıq, işgüzarlıq, elmi və yaradıcı fəaliyyətinin inkişafına kömək göstərməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi