BMU-İNHA ikili diplom proqramına sənəd qəbulu açıq elan edilib

29 İyul 2021
BMU-İNHA ikili diplom proqramına sənəd qəbulu açıq elan edilib

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramının sənəd qəbuluna start verilir.

2021/2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat 28 iyul – 14 avqust tarixlərini əhatə edir.

2021/2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi planlaşdırılır.

3+1 modelinə əsaslanan proqramın 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur.

Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsini əhatə edəcək.

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.

Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır.

Belə ki, BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri, həmçinin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər iştirak edə bilər. Əlavə olaraq proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidirlər: yazılı (riyaziyyat və fizika) və şifahi (ingilis dili müsahibəsi). Daxili imtahanda iştirak etmək üçün onlayn anket formasını dolduraraq tələb olunan sənədləri həmin onlayn anket formasında təqdim etməlidirlər.

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan 17 avqust (yazılı) və 19 avqust (şifahi) tarixlərində keçiriləcək. İmtahanın nəticələri isə 23 avqust tarixində elan olunacaq.

İkili diplom proqramına sənədlərin son qəbul tarixi  14.08.2021-ci il saat 23:55-dir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

Ətraflı məlumatı elandan əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər