BMU-İNHA ikili diplom proqramı ilə bağlı növbəti məlumat sessiyası

BMU-İNHA ikili diplom proqramı ilə bağlı növbəti məlumat sessiyası

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icrasına ötən tədris ilində start verilən beynəlxalq ikili diplom proqram haqqında növbəti məlumat sessiyası keçirilib. Məlumat sessiyasında proqramda tədris olunan Elektronika mühəndisliyi ixtisası barədə geniş məlumat verilib.

BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli bildirib ki, icra olunan ikili diplom proqramı Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında həyata keçirilir. Proqram haqqında söz açan H.Cəfərli proqrama müraciət forması, qəbul şərtləri, proqramın modeli, tədris dili və s. barədə ətraflı danışıb. Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbuluna artıq start verildiyini vurğulayan proqram direktoru onlayn qeydiyyatın 14 avqusta kimi davam edəcəyini qeyd edib.

İkili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang təmsil etdiyi universitet barədə iştirakçıları məlumatlandırıb. O, 1954-cü ildə yaranan İNHA Universitetinin mühəndislik sahəsində Cənubi Koreyanın lider universitetlərindən biri olduğunu vurğulayıb. Proqramın üstünlüklərindən danışan Hyunjin Yang tələbələrin IV kursda İnha Universitetində təhsillərini davam etdirmək şansının olduğunu və sonda iki diplom əldə edə biləcəklərini sözlərinə əlavə edib.

Sonra magistratura və doktorantura təhsilini Türkiyənin Çukurova Universitetində Elektrik mühəndisliyi ixtisasında bitirən, hazırda BMU-nun Avtomatika və elektroenergetika kafedrasında baş müəllim vəzifəsində çalışan Hamed Kaghazchi “Elektronika mühəndisliyi” mövzusunda təqdimatla çıxış edib.

Sonda BMU-nun Elektronika mühəndisliyi ixtisasında təhsil alan Sahibzaman Şirinov proqram haqqında fikirlərini bölüşüb.

Qeyd edək ki, BMU-nun rəsmi feysbuk səhifəsində yayımlanan məlumat sessiyasını linkə daxil olaraq izləmək mümkündür. Proqram haqqında daha ətraflı məlumatla https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linki vasitəsilə tanış olmaq olar.

İctimaiyyətlə əlaqələr şöbəsi 

 

BMU-İNHA ikili diplom proqramı ilə bağlı növbəti məlumat sessiyası

Digər xəbərlər