BMU-İNHA ikili diplom proqramı ilə bağlı məlumat sessiyası keçirilib

30 İyul 2021
BMU-İNHA ikili diplom proqramı ilə bağlı məlumat sessiyası keçirilib

Tədbirdə Elektrik mühəndisliyi ixtisası barədə ətraflı məlumat verilib

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqram haqqında məlumat sessiyası keçirilib.

BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli Cənubi Koreyanın İNHA Universiteti ilə BMU arasında icra olunan ikili diplom proqramı haqqında ümumi məlumat verib. Bildirib ki, proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim tədris texnologiyalardan yararlanaraq Azərbaycanda mühəndislik sahəsində XXI əsrin tələblərinə cavab verən yeni nəsil mütəxxəssislərin yetişdirilməsidir. H.Cəfərli proqrama müraciət etmə qaydaları, imtahanların keçirilməsi, tələb olunan sənədlər və proqramın üstünlükləri barədə iştirakçıları ətraflı məlumatlandırıb.

İkili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang təmsil etdiyi universitetin mühəndislik sahəsində Cənubi Koreyanın lider universitetlərindən biri olduğunu vurğulayıb. İNHA Universitetində tədris olunan ixtisaslar barədə söz açan Hyunjin Yang ikili diplom proqramından  və onun yaratdığı imkanlardan danışıb. Qeyd edib ki, tələbələr  ölkəni tərk etmədən 4 illik təhsillərinin sonunda iki diploma sahib olacaqlar.

Tədbirdə universitetin Elektrik mühəndisliyi ixtisası tələbələrinə “Yaradıcı layihələndirmə” fənnini tədris edən, eyni zamanda Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) təsisçisi Rəhman Rəsulzadə “Elektrik mühəndisliyinin trendləri” mövzusunda təqdimatla çıxış edib. Elektrik mühəndisliyi ixtisası barədə ümumi məlumat verən R.Rəsulzadə çıxışında elektrik mühəndisliyinin istiqamətlərinə və perspektivli sahələrinə də toxunub.  

Sonda cari proqram üzrə Elektrik mühəndisliyi ixtisasında təhsil alan BMU tələbəsi Nicat Umudlu çıxış edib. Proqram çərçivəsində tələbələr üçün çox gözəl imkanlar yaradıldığını bildirən N.Umudlu Elektrik mühəndisliyi ixtisasının həm tələbatlı, həm də maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, BMU-nun rəsmi feysbuk səhifəsində yayımlanan məlumat sessiyasını linkə daxil olaraq izləmək mümkündür. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər