BMU-İNHA ikili diplom proqramı barədə “İşgüzar səhər” verilişində bəhs olunub

03 Avqust 2021
BMU-İNHA ikili diplom proqramı barədə “İşgüzar səhər” verilişində bəhs olunub

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında bakalavr səviyyəsində icra olunan beynəlxalq ikili diplom proqramı barədə ARB 24 televiziya kanalında yayımlanan “İşgüzar səhər” verilişində ətraflı bəhs olunub.

Verilişin qonağı olan Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bu barədə geniş məlumat verib.  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan söz açan N.Məmmədli Azərbaycan universitetlərində həyata keçirilən ikili diplom proqramları haqqında danışıb.

Bildirib ki, mühəndislik ixtisasları istiqaməti üzrə BMU ilə Cənubi Koreyanın ən nüfuzlu universitetlərindən biri olan İNHA arasında ikili diplom proqramı artıq 2-ci ildir ki, həyata keçirilir. O, bu proqrama qəbul olan abituriyentlərin xərclərinin dövlət tərəfindən qarşılanacağını və ödənişsiz təhsil alacaqlarını vurğulayıb. Proqramın üstünlüklərinə toxunan N.Məmmədli tədrisin İNHA Universitetinin tədris proqramı əsasında həyata keçirildiyini, ingilis dili ilə yanaşı Koreya dilinin də intensiv tədris olunduğunu qeyd edib.

Cənubi Koreyanın mühəndislik sahəsində ən yaxşı universitetlərindən biri olduğunu söyləyən şöbə müdiri İNHA Universitetində  mühəndislik sahəsi üzrə 30-a yaxın ixtisasda mütəxəssis hazırlandığını nəzərə çatdırıb. Qeyd edib ki, İNHA və BMU-dan olan mütəxəssislərin bir sıra sahələrdə əməkdaşlıq etməsi gələcəkdə yaxşı tədqiqat layihələrinin həyata keçirilməsinə səbəb olacaq.

Verilişin tam variantını aşağıdakı videoda izləmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər