Bakı Mühəndislik Universitetində (BMU) Koreyanın İNHA Universiteti ilə birgə icra edilən ikili diplom proqramına (BMU-İNHA İDP) 2022 və 2023-cü tədris illərində qəbul olan tələbələrlə ayrı-ayrılıqda görüşlər keçirilib.
Görüşlərdə BMU-İNHA-İDP-nin direktoru Humay Cəfərli 3+1 modeli əsasında həyata keçirilən beynəlxalq proqramın üstünlüklərindən danışaraq, tələbələrin təhsillərinin 1 ilinin Koreyada davam etməsinin onların həm yüksəkixtisaslı kadr kimi yetişmələrinə müsbət təsir göstərdiyini, həm də Koreya mədəniyyəti ilə yaxından tanışlıq fürsəti qazandırdığını bildirib. Əlavə edib ki, bu proqram üzrə təhsil almaq gənclərə Koreya dilini öyrənməklə yanaşı, ingilis dili bacarıqlarını da inkişaf etdirmək üçün yaxşı imkanlar yaradır.
Sonra proqramın İnformasiya texnologiyaları, İnşaat, Elektrik və Elektronika mühəndislikləri ixtisaslarında təhsil alan II kurs tələbələri bu ilin yayında BMU-da təşkil olunacaq yay məktəbi ilə bağlı ətraflı məlumatlandırılıb. Görüşdə, eləcə də tələbələrin hazırkı semestrin gedişatı ilə bağlı fikirləri dinlənilib və III kursların yay aylarında İNHA Universitetində davam edəcək təhsilləri ilə bağlı zəruri məqamlar müzakirə olunub.
İDP-nin idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang isə tələbələrin Koreya dili dərslərində üzləşdikləri problemlərə, habelə onları maraqlandıran digər məsələlərə münasibətini açıqlayıb.
Bundan başqa, gələn il sonuncu kursu İNHA Universitetində oxuyacaq tələbələrə səfər öncəsi bütün zəruri informasiyalar çatdırılıb, habelə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Görüşlərdə, həmçinin BMU Texnoparkın müdiri Vüsal Süleymanlı tələbələrə “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” çərçivəsində keçiriləcək hakaton haqqında məlumat verib. Bildirilib ki, hakatonun məqsədi innovativ layihələrin inkişafını dəstəkləmək və iştirakçılara kibertəhlükəsizlik, yaşıl enerji, təhsildə rəqəmsallaşma, yaşıl maliyyə, davamlı investisiyalar sahələrində təcrübə imkanı yaratmaqdan ibarətdir.
İctimaiyyətlə əlaqələr şöbəsi