Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektronika mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Türkanə Bağışova bp şirkətində təşkil olunan “Discovery Week”də (Kəşf həftəsi) bir həftəlik məlumatlandırma sessiyalarında iştirak edib.
Sessiyanın ilk günündə bp-nin tarixi, fəaliyyət sahələri və şirkət tərəfindən həyata keçirilən mühüm layihələrlə bağlı geniş təqdimat olub.
Növbəti günlərdə mühəndisliyin hər bir sahəsi üzrə bp-də çalışan mütəxəssislərlə shadowing (müşahidə) sessiyaları, habelə müxtəlif sahə gəzintiləri təşkil edilib. Elektrik mühəndisliyi sahəsi üzrə iştirakçılar daha sonra Glensola-ya yönləndirilib, burada istifadə edilən texnoloji cihazların məqsədi və iş prinsipləri ilə yaxından tanış olublar. T.Bağışova mütəxəssislərin gündəlik iş fəaliyyətlərini izləyib, onların təcrübələrindən yararlanmaqla nəzəri biliklərini möhkəmləndirib.
Qeyd edək ki, bp-nin təcrübə proqramına qəbul müsahibə prosesi ilə onlayn formatda həyata keçirilib. İştirakçılara məntiqi suallar, ingilis dili testləri və liderlik bacarıqları ilə yanaşı, texniki biliklərini yoxlamaq üçün müxtəlif tapşırıqlar təqdim edilib. BMU-İNHA İDP tələbəsi tələb edilən kriteriyalara cavab verməklə ali məktəblər arasından seçilən 17 tələbədən biri olub.
İctimaiyyətlə əlaqələr şöbəsi