BMU-İNHA İDP tələbələri texnologiya müsabiqəsində uğur qazanıblar

24 Aprel 2025
BMU-İNHA İDP tələbələri texnologiya müsabiqəsində uğur qazanıblar

Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA-İDP) tələbələri “EESTech Challenge 25-Electrical Circuits for Industry 4.0” mövzusunda keçirilən beynəlxalq texnologiya müsabiqəsində uğur əldə ediblər.

“EESTEC JLC Baku",  Elm və Təhsil Nazirliyinin "STEAM Azerbaijan" layihəsinin birgə təşkilatçılığı, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin "Bir Könüllü" Tələbə Təşkilatının tərəfdaşlığı ilə keçirilən müsabiqə texnologiya, elektronika, sənaye 4.0 sahələrinə maraq göstərən tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaq məqsədi daşıyıb.  

Müsabiqədə BMU-İNHA İDP tələbələrinin yer aldığı “AirVive” komandası (Nəsib Əhmədov-“Elektrik mühəndisliyi” ixtisası, 3-cü kurs) I,   “Torpedo” komandası isə (Rəvan Cəfərov, Sənan Muradxanov, Elmin Mürsəlov-“Elektronika mühəndisliyi” ixtisası, 3-cü kurs) III yerlərin qalibi olublar.

“AirVive” komandası müsabiqədə havanın keyfiyyətini yaxşılaşdırmaq, karbon emissiyalarını azaltmaq və ətraf mühitə faydalı biomassa istehsalı ilə texnologiyanı birləşdirən ağıllı sistem layihəsi ilə çıxış edib.

“Torpedo” komandasının “SmartHeat” layihəsi isə süni intellekt ilə inteqrasiya olunmuş, bərpa olunan enerji mənbələrindən qazanılan enerjinin tamamilə ekoloji cəhətdən təmiz və uzunmüddətli saxlanmasını, o cümlədən istifadəsini təmin edən qum batareyasıdır.

Qalib komandalar 13-16 may tarixlərində İtaliyanın Trieste şəhərində keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər