Bakı Mühəndislik Universitetinin (BMU) komandası “Bitget Hackathon-Startap” müsabiqəsində II yerə layiq görülüb.
Müsabiqəyə BMU, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrindən ibarət komandalar tərəfindən “Blockchain”, “Kriptovalyuta”, “Süni intellekt” və “Data analitika” mövzuları üzrə 30-a yaxın startap layihəsi təqdim edilib. Onlardan 19 layihə final mərhələsinə keçərək geniş təqdimat formatında nümayiş olunub. Layihələr 5 əsas meyar - komanda və təqdimat bacarığı, ideya, texniki əsaslandırma, praktiki tətbiq imkanı, kommersiya potensialı üzrə peşəkar münsiflər heyəti (Osman Gündüz, Elnur Quliyev, Orxan Əhmədov və Aytən Mövsümova) tərəfindən qiymətləndirilib.
BMU ilə Koreyanın İNHA Universiteti arasında icra edilən ikili diplom proqramının (BMU-İNHA İDP) “İnformasiya texnologiyaları” ixtisasının üçüncü kurs tələbələri (Əmrah Şərbətzadə, Tural Əliyev, Məhərrəm Davidov, Emil Əkbərli, Qədir Rəhmətov, Ramal Alisgəndərov, Yusif Yusubzadə) finalda II yeri qazanıb və komandaya 1000 ABŞ dolları məbləğində mükafat verilib.
BMU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müəllimi Ərtuğrul Qayıbovun mentorluğu ilə komanda tərəfindən hazırlanan “RugShield” platforması süni intellekt texnologiyası vasitəsilə blockchain və sosial siqnalları təhlil edərək istifadəçilərə potensial saxta tokenlər barədə vaxtında xəbərdarlıq göndərir.
Qeyd edək ki, tədbirin təşkilatçıları AzTU və Bitget platformasıdır. Bu cür təşəbbüslər gənclərin texnoloji biliklərini yalnız nəzəriyyədə deyil, real layihələr və biznes yönümlü məhsullara inteqrasiya edilməsi, habelə onların teorik biliklərinin real texnoloji layihələrə çevirməsi, komanda ruhu formalaşdırması və qlobal texnologiya sektoruna çıxması üçün imkan yaradır.
İctimaiyyətlə əlaqələr şöbəsi