Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri Seul şəhərində təşkil olunan “Azərbaycan Mədəniyyət Gecəsi və Novruz bayramı” adlı tədbirdə xalqımızın musiqi və milli rəqslərini təqdim ediblər.
Azərbaycanın Koreyadakı səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən gerçəkləşdirilən tədbir ölkəmizin mədəniyyətini və Novruz ənənələrini tanıtmaq məqsədi daşıyıb.
Səfir Ramin Həsənov tədbirdə çıxış edərək Azərbaycanın zəngin mədəni irsi, xalqımızın adət-ənənələrini özündə yaşadan Novruz bayramı haqqında danışıb, tədbir iştirakçılarına ən xoş arzularını çatdırıb.
Tədbirdə Koreyanın İNHA Universitetində təhsillərini davam etdirən BMU-İNHA İDP-nin 4-cü kurs tələbələrinin ifasında səsləndirilən xalq mahnıları və rəqs nümunələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Tələbələr Azərbaycanın zəngin mədəniyyətini yüksək səviyyədə təqdim edərək, tədbir iştirakçılarına unudulmaz anlar yaşadıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi