BMU-İNHA İDP məzunu Zəfər muzeyi layihəsində iştirak edib

12 Noyabr 2025
BMU-İNHA İDP məzunu Zəfər muzeyi layihəsində iştirak edib

Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (BMU-İNHA İDP) “İnşaat mühəndisliyi” ixtisası üzrə 2024-cü il məzunu Aqşin Əmrahov Zəfər muzeyi layihəsində mühəndis kimi iştirak edib.

Zəfər muzeyi Prezident İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Qələbənin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb. Muzey memarlıq baxımından müasir yanaşma və innovativ mühəndislik həlləri, eyni zamanda milli ruhu və tariximizə olan ehtiramı özündə birləşdirən dizayn konsepsiyası ilə fərqlənir. Belə bir irimiqyaslı və strateji əhəmiyyət daşıyan layihədə BMU məzununun mühəndis kimi iştirak etməsi, İDP çərçivəsində yetişdirilən mütəxəssislərin peşəkarlığının, beynəlxalq səviyyədə rəqabətqabiliyyətli bacarıqlara yiyələnməsinin bariz göstəricisidir.

Aqşin Əmrahovun uğurlu fəaliyyəti İDP-nin əsas məqsədlərindən biri olan qlobal düşüncəli, milli dəyərlərə sadiq və peşəkar mütəxəssislərin hazırlanmasına nail olunduğunu bir daha nümayiş etdirir. 

İctimaiyyətlə əlaqələr şöbəsi  

Digər xəbərlər