Bakı Mühəndislik Universiteti (BMU) tərəfindən yeni teledərslər təqdim olunub. Artıq 5-ci həftədir davam edən “Teledərs” layihəsi çərçivəsində, ümumilikdə 24 dərs yayımlanıb.
Bu həftə yayımlanan yeni teledərslərə Kimya müəllimliyi ixtisası üzrə 1 laboratoriya dərsi, Avtomatika və elektroenergetika və Maliyyə ixtisasları üzrə 2 nəzəri dərs daxildir.
BMU-nun “Teledərs” layihəsinin əsas məqsədi həm mövcud pandemiya şəraitində tədrisə marağın azalmamasını təmin etmək, həm də distant formada tədrisi çətinlik yaradan, eləcə də laboratoriya şəraitində öyrədilməsi zəruri olan fənnlərin tele formatda təqdim olunmasıdır. Bu zaman tələbələr praktik-təcrübi laboratoriya işlərini daha rahat formada izləmək imkanı qazanırlar.
Xüsusi vurğulanmalı məqam odur ki, BMU-da tədrisin 70 faizinin ingilis dilində olması nəzərə alınaraq teledərslər həmin dildə yayımlanır və bu, tələbələrin dil bacarıqlarının inkişafına da öz müsbət təsirini göstərir.
Teledərslərin təkcə BMU tələbələri üçün deyil, digər ali təhsil ocaqlarında oxuyan tələbələr üçün də əlçatan olmasını təmin etmək məqsədilə universitetin saytında “Teledərs” bölməsi yaradılıb. Tələbələr həmin bölməyə (https://beu.edu.az/az/page/teleders-190/) yerləşdirilən bütün teledərsləri istənilən zaman və rahatlıqla izləyə bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi