BMU ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında fəaliyyət planı müzakirə olunub

17 Aprel 2019
BMU ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında  fəaliyyət planı müzakirə olunub

      Bakı Mühəndislik Universiteti son illər “Sənaye-Universitet” əlaqələrinin inkişaf etdirilməsi istiqamətində bir çox işlər görür. Bunlardan biri də 20 dekabr 2018-ci il tarixində universitetlə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında imzalanmış anlaşma memorandumudur. Bu memorandumun məqsədi təhsilə və elmi-texniki inkişafa dəstək verilməsi, eləcə də sənaye sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə verilməsi və innovasiya texnologiyalarının sənayedə tətbiq edilməsi məqsədi ilə əlaqələrin yaradılmasından ibarətdir.

       Sözügedən anlaşma memorandumu çərçivəsində universitetin bir qrup əməkdaşı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin istehsalat müəssisələrində bir neçə dəfə görüşlərdə olub, əməkdaşlığın və ortaq fəaliyyətin imkanları müzakirə edilib. Görüşlərin nəticəsi olaraq anlaşma memorandumunda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə işlərin daha da səmərəli təşkili və real nəticələrin əldə edilməsi məqsədi ilə martın 29-da işçi qrupu yaradılıb.

      Bu işçi qrupuna BMU-nun Mühəndislik fakültəsinin dekanı Afər Əlifov, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Fuad Pənahov və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova, rəhbər və 13 nəfərdən ibarət qrup üzvü təyin olunub. Yaradılmış işçi qrupunun BMU-da fəaliyyətinin təmin olunması üçün aprelin 9-da universitetdaxili əmr imzalanıb.

       BMU daxilindəki işçi qrupu tərəfindən imzalanmış anlaşma memorandumun tələblərinə uyğun olaraq bir neçə işgüzar görüşlər təşkil edilib. Aprelin 16-da universitetdə prorektorluq, bir neçə şöbə və fakültə-kafedra əməkdaşlarının iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə anlaşma memorandumun tələblərinə uyğun görülmüş işlər və gələcək üçün strateji fəaliyyət planı müzakirə olunub və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rəhbərliyinə təqdim olunacaq bir neçə təkliflər hazırlanıb. İşçi qrupunun geniş tərkibli görüşündə Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov, BMU Texnoparkın müdiri Elçin Qurbanov və mütəxəssisi Tengiz Ağakişiyev,  Strateji inkişaf bölməsinin müdiri, professor Saleh Məmmədov, Mühəndislik fakültəsinin dekanı, dosent Afər Əlifov, Memarlıq və İnşaat kafedrasının müdiri, professor Sabir Orucov, Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdulayev, Mexanika mühəndisliyi kafedrasının müdiri, dosent Hüseyn Mirzəyev, Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri, dosent Pərviz Həsənov, Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Əli Həsənov və Magistratura və Doktorantura şöbəsinin əməkdaşı Ülkər Abdurəhmanova iştirak ediblər.

       Görüşdə təkliflər səsləndirilmiş və müəyyən qərarlar qəbul edilərək universitet rəhbərliyinə təqdim olunması üçün protokollaşdırılmışdır.

 

Digər xəbərlər