Bakı Mühəndislik Universiteti (BMU) və Rusiyanın nüfuzlu ali təhsil müəssisələri, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət, Plexanov adına Rusiya İqtisad və Moskva Dövlət Linqvistik universitetləri arasında yeni əməkdaşlıq əlaqələri qurulur.
Bu məqsədlə BMU-nun Strategiya və keyfiyyət təminatı şöbəsinin müdiri Sevil İmanova Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının namayəndələrindən ibarət akademik heyətin tərkibində Moskvada ezamiyyətdə olub.
Moskva Dövlət Universitetində baş tutan görüşlərdə universitetin Coğrafiya fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini Aleksey Maslakov, Beynəlmiləlliyin inkişafı şöbəsinin müdir müavini Ruslan Proklov, Kimya fakültəsinin elmi işlər üzrə dekan müavini Mariya Zvereva və Siyasi elmlər fakültəsinin professoru Aleksey Mamuçev Azərbaycan nümayəndə heyəti ilə gələcək layihələrə dair müzakirələr aparıblar.
Azərbaycan nümayəndə heyəti daha sonra Plexanov adına Rusiya İqtisad Universitetində prorektor, professor Svetlana Volodina və Beynəlxalq əlaqələr departamentinin əməkdaşı, professor Vadim Saltıkovskiy bir araya gələrək, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Moskva Dövlət Linqvistik Universitetində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin dillər və mədəniyyətlər üzrə əsas təşkilatının direktoru Vyaçeslav Konev və elmi işlər üzrə prorektor Olqa İrisxanova ilə keçirilən görüşlərdə isə, xüsusilə mədəniyyət və dil mübadiləsi sahəsində təcrübənin bölüşülməsi imkanları ön plana çıxarılıb.
Görüşlər zamanı əsas müzakirə mövzusu kimi QS reytinq sistemi çərçivəsində əməkdaşlıqlar, tələbə və müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, administrativ heyətin peşəkar inkişafı sahəsində konkret əməkdaşlıq addımları diqqətdə saxlanılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi