Bakı Mühəndislik Universiteti (BMU) ilə Malayziyanın Multimedia Universiteti (MMU) arasında onlayn görüş keçirilib.
Görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitetin qlobal təhsil məkanında mövqeyini daha da gücləndirmək yönündə fəal iş apardığını önə çəkib. Bildirib ki, universitetin xarici tərəfdaşlarla qurduğu əməkdaşlıq əlaqələri tədrisin keyfiyyətinin artırılmasına, elmi-tədqiqat fəaliyyətinin beynəlmiləlləşməsinə və tələbələrin qlobal təcrübədən faydalanmasına əlverişli şərait yaradır. Multimedia Universiteti ilə də təməli qoyulan əməkdaşlıq əlaqələri bu istiqamətdə atılan addımlardan biridir və gələcəkdə birgə layihələrin, müxtəlif proqramların icrasına imkan yaradacaq.
MMU nümayəndələri Thong Li Vah, Tan Yi Fei və Nurleyna Vafa isə öz çıxışlarında BMU ilə əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib, iki universitet arasında tələbə və müəllim mübadiləsi, eləcə də birgə tədqiqat layihələrinin həyata keçirilməsinin təhsilin keyfiyyətinə və beynəlxalq təcrübə mübadiləsinə töhfə verəcəyini dilə gətiriblər.
Tərəflər mühəndislik və informasiya texnologiyaları ixtisaslarında ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi üzrə imkanların araşdırılması, elmi tədqiqat layihələrinin həyata keçirilməsi, magistr və doktorantura səviyyələrində əməkdaşlıq kimi məsələləri müzakirə ediblər.
Görüş zamanı, habelə universitetlərin təqdimatı aparılıb, yaxın vaxtlarda BMU və MMU nümayəndələrinin qarşılıqlı səfərinin təşkili ilə bağlı ilkin razılıq əldə olunub.
Sonda hər iki tərəf əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
İctimaiyyətlə əlaqələr şöbəsi