İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
Universitetin rektoru Yaqub Piriyev qonaqlara BMU-nun maddi-texniki bazası barədə ətraflı məlumat verib. Bildirib ki, tədrisin 70 faizinin ingilis dilində aparıldığı universitetdə mühəndilslik ixtisasları üstünlük təşkil edir. Rektor bu ixtisaslara, xüsusən informasiya texnologiyaları sahəsinə gənclərin böyük marağını vurğulayaraq, ali məktəbə qəbul olan yüksək ballı tələbələrin sayındakı müsbət dinamikanı önə çəkib. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamının universitetlər qarşısında bir sıra vəzifələr qoyduğunu deyən Yaqub Piriyev BMU-da süni intellekt üzrə mütəxəssislərin hazırlanması istiqamətində nəzərdə tutulan işlərə toxunub. Eyni zamanda BMU ilə Koreyanın İNHA Universiteti arasında icra edilən ikili diplom proqramı üzrə müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirildiyi, habelə ötən həftə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti ilə ikili diplom proqramına dair yeni müqavilə imzalandığını nəzərə çatdırıb.
BMU tələbələrinin yerli və xarici startap yarışmalarında qazandığı uğurlardan da bəhs edən rektor agentliklə mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişafı ilə bağlı fikirlərinin bölüşüb.
İRİA sədri Fərid Osmanov öz növbəsində rəhbərlik etdiyi qurumun ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyəti və innovativ mühitin formalaşdırılması yönündə atdığı əhəmiyyətli addımlar haqqında danışıb. Agentliyin prioritetlərini sadalayan Fərid Osmanov innovasiya yönümlü elmi-tədqiqatlara dəstək vermək, rəqəmsal hökumət və cəmiyyətin qurulması kimi vacib istiqamətlərdə nəzərdə tutulan layihələrə diqqət çəkib. Bəhs olunan sahələrdə peşəkar kadrların yetişdirilməsi zərurətini vurğulayan İRİA sədri yüksək kompetensiyalara malik mütəxəssislərin hazırlanması prosesinin universitetlərdən başladığını qeyd edib, agentliyin bu baxımdan ali məktəblərlə əməkdaşlığa xüsusi önəm verdiyini söyləyib.
Səmərəli müzakirələrlə davam edən görüşdə elmlə sənayenin vəhdətini yaratmaq, ölkəmizin dayanıqlı inkişafı üçün innovativ məhsulllar ortaya qoymaq, bacarıqlı mühəndislərə olan ehtiyacı təmin etmək üçün agentliklə BMU-nun görə biləcəyi mümkün işlər, hazırlayacağı birgə layihələr nəzərdən keçirilib.
Sonda qonaqlar BMU-nun Kibertəhlükəsizlik, Kimya, Mexanika və digər laboratoriyaları, həmçinin Texnoparkda universitet tələbələrinin startapları ilə yaxından tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi