BMU fənlərin məzmunun mənimsənilməsinə yenilik gətirir

21 Aprel 2022
BMU fənlərin məzmunun mənimsənilməsinə yenilik gətirir

Bakı Mühəndislik Universitetinin (BMU) avtomatika, elektronika, telekommunikasiya yönümlü ixtisasları üzrə təhsil alan tələbələri bundan sonra ali təhsil ocağının ərazisindəki Texnoparkın emalatxanasında praktiki bacarıqlarını və səriştələrini artıra biləcəklər.

Buna BMU-nun rektoru, professor Havar Məmmədov və “AZSMART” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Teymur Məmmədov arasında “Əməkdaşlıq haqqında Razılaşma”nın müvafiq müddəalarının icrası imkan yaradıb.

Razılaşmaya uyğun olaraq “AZSMART MMC” tərəfindən Texnoparkda 5 iş yerinin yaradılması, tələbələrin içərisindən elektronika sahəsində yüksək biliklərə malik olanların  seçilməsi, onlara təlim keçilməsi və  dərsdənkənar saatlarda tələbələri elektron blokların təmirinə cəlb edilməsi nəzərdə tutulub.

Artıq seçim mərhələsi başa çatıb və tələbələrin cəmiyyətin rəhbər heyəti və mütəxəssisləri ilə ilk görüşü gerçəkləşib. Cəmiyyətin Texniki xidmət şöbəsinin rəhbəri Təmraz Əskərov və əməkdaşları (Təmir üzrə texniki dəstək koordinatoru Fariz Bayramov və İnsan resursları üzrə mütəxəssis Məsmə Dadaşova) təmsil etdikləri qurumun korporativ qaydaları, layihənin məqsədi, tələbələrin praktiki biliklərinin universitetin emalatxanasında zənginləşdirilməsinin əhəmiyyəti, iş yerlərində təmir olunacaq avadanlıqların növləri haqqında tələbələrə geniş məlumat veriblər.

Növbəti mərhələdə seçilmiş tələbələrə müəssisənin mütəxəssisləri tərəfindən əməyin təşkili və təhlükəsizlik texnikası qaydaları haqqında təlimatlar veriləcək. Onlar müəssisənin ofisində təcrübəli mütəxəssislərin yanında elektron blokların təmiri prosesində bilavasitə iştirak edərək təcrübə qazandıqdan sonra universitetin Texnoparkının emalatxanasında təmir işlərinə cəlb olunacaqlar.

“AZSMART” MMC ilə həyata keçirilən əməkdaşlıq tələbələrin təcrübi biliklərinin universitetin emalatxanasında zənginləşdirilməsi üçün real imkanların yaradılması mütəxəssis hazırlığında böyük perspektivi olan səmərəli yenilikdir.

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər