Bakı Mühəndislik Universitetinin iki əməkdaşı - nəqliyyat sahəsi üzrə mütəxəssisləri dosent Rauf Məmmədov və dosent Bəxtiyar Namazov IRU Akademiyasının müvafiq kurslarını müvəffəqiyyətlə keçərək beynəlxalq menecer hazırlığı aparmağa səlahiyyət verən sertifikata layiq görülüblər. Müəllimlərimiz bu sertifikatlarla təsdiqlənən müasir elmi-praktiki biliklərini öz peşəkar elmi-pedaqoji fəaliyyətlərində səmərəli istifadə edəcək və universitetimizin logistika və nəqliyyat sahəsində yüksək ixtisaslı kadr hazırlığını uğurla təmin edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi sahəsində, daşıma prosesinin asanlaşdırılması və inkişaf etdirilməsində Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) əhəmiyyətli rol oynayır. ABADA 1993-cü ildən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (BANİ - İRU) üzvüdür və bu sahədə dünyanın bütün beynəlxalq assosiyasiyaları ilə sıx əlaqələr saxlayır. Bu qurum beynəlxalq avtomobil yük daşımalarını həyata keçirən Azərbaycan avtodaşıyıcılarını (hüquqi və fiziki şəxslər) özündə birləşdirir.
Eyni zamanda ABADA nəzdində həmçinin, peşəkar menecer və sürücülərin hazırlanması üzrə IRU nəzdində olan və müvafiq sahə üçün mütəxəssislərin peşəkar tədrisini təşkil edən IRU Akademiyası ilə sıx əməkdaşlıq edir.