Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən ICPC RCD (Regional Müsabiqə Direktorları) beynəlxalq simpoziumunda iştirak ediblər.
BMU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Etibar Seyidzadə (ICPC Azərbaycan regional direktoru və koordinatoru) və elektron sistem inzibatçısı Rauf Süleymanlının (ICPC Azərbaycan texniki komitənin rəhbəri) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə qatıldıqları simpozium “ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin final mərhələsi çərçivəsində təşkil olunub.
İki günlük simpoziumda BMU əməkdaşları müsabiqənin qlobal baş sponsorları “Huawei”, “JetBrain” və digər sponsor şirkətlərin təmsilçiləri ilə görüşlərdə iştirak edib, hər bir region üzrə ölkələrin nümayəndələrinin iştirakı ilə aparılan müzakirələrə qatılıblar.
Bundan başqa, Azərbaycanın da təmsil olunduğu (9 ölkə) NERC (Şimali Avrasiya Regional Müsabiqəsi) iclasında ölkələr üzrə regional direktorların hesabat xarakterli çıxışları təqdim edilib.
“ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi” 1977-ci ildən mütəmadi olaraq keçirilir. BMU Azərbaycan ali təhsil müəssisələrinin komandalarının 2000-ci ildən etibarən qatıldığı bu müsabiqənin ölkə üzrə regional mərhələsinə ev sahibliyi edir.
Bu il keçirilən 48-ci “ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin final mərhələlərində 50 ölkənin 141 universitetindən komandalar iştirak ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi