Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və pedaqogika kafedrasının müdiri professor Təranə Hacıyeva Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən ana dilimizin saflığının qorunması, təbliği və düzgün tətbiqi işinə verdiyi töhfəyə görə fəxri fərmanla təltif olunub.
Fəxri fərman BMU əməkdaşına 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə keçirilən tədbirdə tədqim edilib. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirə bir sıra təhsil ocaqları, həmçinin media orqanlarının əməkdaşları qatılıblar.
Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva çıxışında dövlətimizin ictimai-siyasi həyatında və yazı mədəniyyəti tarixində mühüm hadisə olan latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin edilməsində, ana dilinin milli dövlətçiliyimizin əsas atributu kimi təsdiq və qorunmasında, eləcə də dil siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Sonra çıxış edənlər ana dilinin saflığının qorunması və inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd etməklə ölkəmizdə dil siyasətinin formalaşması və Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində ümummilli lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin danılmaz xidmətlərini vurğulayıblar.
Sonda Azərbaycan dilinin saflığının qorunması, təbliği və düzgün tətbiqi işinə xüsusi töhfə verən təhsil və media nümayəndələrinə fəxri fərman, müxtəlif hədiyyələr təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi