Bakı Mühəndislik Universitetində (BMU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına (əyani formada) start verilib.
İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək şikayətlərin operativ şəkildə aradan qaldırmaq, eyni zamanda sessiyanın gedişinə daimi nəzarəti həyata keçirmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb. Bundan başqa, universitetin müvafiq qurumlarına sessiya müddətində nizam-intizamın yüksək səviyyədə təmin edilməsi tapşırılıb.
Tələbələrin fənnlər üzrə imtahanqabağı ballarının BMU-nun Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə imtahana qədər əldə olunmuş bütün qiymətləndirmə məlumatları (dərsə davamiyyət, semestr daxili fəaliyyətlər, sərbəst iş, laboratoriya işi və kurs işi nəticələri) fənn müəllimləri tərəfindən sessiya başlayanadək sistemə tam daxil edilib.
İmtahan nəticələri isə imtahan keçirildiyi gün fənn müəllimi tərəfindən universitetin Elektron Məlumat Sisteminə yerləşdiriləcək.
Qeyd edək ki, imtahan sessiyası cari ilin 5 iyul tarixinə kimi davam edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi