BMU-da yaz imtahan sessiyası

10 İyun 2020
BMU-da yaz imtahan sessiyası

İmtahanla bağlı qəbul olunan qaydalar tələbələrdə böyük ruh yüksəkliyinə səbəb olub

Bakı Mühəndislik Universitetində (BMU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. Onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 1016 fənn üzrə imtahan verəcəklər. Belə ki, 623 (61%)  fənnin imtahanı frontal sorğu şəklində, 393 (39%) fənnin imtahanı isə test formasında təşkil olunacaq. Bundan əlavə imtahanda bakalavriat səviyyəsi üzrə (I, II, III kurs) 3500 tələbənin, magistratura səviyyəsi üzrə isə (I kurs) 228 tələbənin iştirakı gözlənilir.

İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib. Mövcud vəziyyət və tələbələrin rəyləri nəzərə alınaraq imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları vaxtında hazırlanıb, Təhsil Nazirliyi ilə razılaşdırılaraq  BMU-nun saytında (http://beu.edu.az/az/article/bmu-da-yaz-imtahan-sessiyasinin-kecirilmesi-ve-biliyin-qiymetlendirilmesi-qaydalari-423) yerləşdirilib. Tələbələrin imtahana qədərki semestrdaxili fəaliyyətlərdəki əldə etdikləri qiymətlərin imtahan zamanı nəzərə alınması onlarda böyük ruh yüksəkliyinə səbəb olub və buna görə minnətdarlıqlarını ifadə ediblər. 

Onlayn test formasında “Google Clasroom” platformasında keçirilən imtahanlar elektron yaddaşa yazılır. İmtahanda istifadə edilən test tapşırıqlarının aid olduğu mövzu və alt mövzular əvvəlcədən tələbələrə bildirilməklə, 50 test sualı üzrə aparılır və hər test 2 bal ilə (ümumilikdə 100 bal) qiymətləndirilir. Onlayn test formasında tələbələrə 90 dəqiqə vaxt ayrılır.

Onlayn frontal sorğu formasında təşkil olunan imtahanlar isə “Google Meet” və ya “Zoom” platformalarında keçirilərək elektron yaddaşa yazılır. Bu imtahanlarda müəllimlə yanaşı, kafedra tərəfindən bir nəfər assistent də iştirak edir. Frontal imtahan zamanı kafedra tərəfindən tələbələrə əvvəlcədən verilmiş 30 sual əsasında 3 sualdan ibarət imtahan bileti elektron sistem vasitəsilə avtomatik qaydada təyin olunur. Hər tələbəyə cavab vermək üçün 20 dəqiqə vaxt ayrılır. 5 nəfərlik qruplar şəklində təşkil olunan imtahan zamanı texniki səbəbdən canlı bağlantı kəsildiyi zaman fasilə müddətindən, tələbənin verdiyi cavabın əhatəsindən və s. vəziyyətlərdən asılı olaraq bağlantı bərpa olunduqdan sonra yenidən bilet seçilir.

Həm test formasında, həm də frontal sorğu formasında keçirilən imtahanlar bitdikdən sonra tələbənin qiyməti elan olunur və bütün imtahan nəticələri ən geci 24 saat ərzində universitetin elektron sisteminə daxil edilir.

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirən, həmçinin cari attestasiyalardan müvəffəqiyyətlə keçən tələbələr təhsil müddətində əldə etdikləri Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə (ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur. Dövlət imtahanının bu formada qiymətləndirilməsindən razı olmayan tələbələr üçün cari imtahan sessiyası müddətində ənənəvi qaydada dövlət imtahanları təşkil olunur. Bu məqsədlə buraxılış kursundakı tələbələrə onlayn anket sorğusu keçirilərək qiymətləndirmə formasını seçmək imkanı verilir.

Təhsilin bakalavriat səviyyəsində buraxılış işinin müdafiəsi və magistratura səviyyəsində magistrlik dissertasiyasının müdafiəsi BMU-da ənənəvi qaydada qanunvericilikdə nəzərdə tutulan, eləcə də koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair qaydalara riayət etməklə təşkil olunur.

Bununla yanaşı, keçmiş semestrlərdən akademik borcu qalan buraxılış kursunun tələbələri üçün sessiya müddəti ərzində ən çox iki fənn üzrə ödənişsiz onlayn təkrar imtahan, aşağı kurs tələbələri üçün 7-11 sentyabr tarixləri arasında, ən çox iki fənn üzrə ödənişsiz qaydada ənənəvi və ya onlayn təkrar imtahan keçiriləcək.  

Cari semestrdə dinlədikləri fənlərin imtahanlarında sessiya zamanı iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan buraxılış kursunun tələbələrinə sessiyadan sonrakı bir həftə ərzində cari sessiyada yaranmış bütün akademik borclarının ləğvi üçün onlayn təkrar imtahanın, aşağı kurs tələbələrinə 7-11  sentyabr  tarixləri arasında cari sessiyada yaranmış bütün akademik borclarının ləğvi üçün ödənişsiz qaydada ənənəvi və ya onlayn təkrar imtahanın keçiriləcəyi nəzərdə tutulur.

Onlayn dərslərdə iştirakından asılı olmayaraq tələbələrə davamiyyətə görə 10 bal verilir və cari semestr üçün tələbənin sərbəst işi 10 bal, semestrdaxili fəaliyyəti (SDF) 30 bal, imtahan isə 50 balla qiymətləndirilir. İmtahan zamanı müəllim tələbələrin SDF qiymətlərini onların istəyi ilə imtahan qiyməti kimi qəbul edə və bununla razılaşmayan tələbələrdən isə imtahan götürə bilər. SDF qiyməti olmayan tələbənin imtahandan aldığı bal həm də onun SDF qiyməti kimi qəbul edilir. İmtahan nəticəsindən narazı qalan tələbələr üçün onlayn şəkildə apelyasiya təşkil ediləcək.

Qeyd edək ki, 8 iyun tarixində başlayan cari imtahan sessiyası 5 həftə davam edəcək. 4 fakültə üzrə təhsil alan tələbələr artıq 2 gündə 155 fənn üzrə imtahan verib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər