Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilən xüsusi dərslər təşkil olunub.
Dərslərdə tələbələrə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etməsi, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulması barədə tarixi faktlardan bəhs olunub. Eyni zamanda Xocalı soyqırımına hüquqi-siyasi qiymətin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verilməsi, bu istiqamətdə imzalanan qərar və fərmanlar diqqətə çatdırılıb.
Çıxışlar zamanı Xocalı soyqırımının dünyada tanıdılması, faciəni törədənlərin öz layiqli cəzalarını alması yönündə dövlətimiz, həmçinin Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən konkret, məqsədyönlü tədbirlər vurğulanıb.
Dərslərdə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq qələbədən, ötən ilin antiterror əməliyyatlarından danışılıb, bayrağımızın digər azad olunmuş ərazilərlə yanaşı, Xocalıda dalğalandığı qeyd olunub. Bildirilib ki, artıq xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir.
Xocalı qurbanlarının xatirəsinin dərin hörmətlə anıldığı dərslərdə tələbələri maraqlandıran suallara ətraflı cavablar verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi