2 fevral - Azərbaycan Gəncləri Günüdür. İllərdir gerçəkləşdirilən uğurlu dövlət gənclər siyasəti ölkəmizdə vətənpərvər, müasir biliklərə malik gəncliyin formalaşmasına gətirib çıxarıb.
44 günlük Vətən müharibəsi Azərbaycanda güclü vətənpərvərlik hisslərinə malik, milli ruhda tərbiyə almış gənc nəslin yetişdiyini bir daha sübut etdi. Vətənə bağlı, canını göz qırpmadan torpaq uğrunda fəda edən müasir gənclik məhz Ulu öndər Heydər Əliyev siyasi məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.
Bu siyasət çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişməsi üçün ardıcıl işlər həyata keçirilir. Eyni zamanda, gənc kadrların irəli çəkilməsi üçün davamlı olaraq işlər görülməkdədir.
Vurğulamaq yerinə düşər ki, müasir infrastruktura malik BMU-da çalışan şəxslərin əksəriyyətini gənclər təşkil edir. Universitetin professor-müəllim heyətinin orta yaş həddi isə 43-dür.
Gənc ali təhsil ocağı olan BMU ölkəmizin universitetləri arasında tələbə klublarının sayına və tələbə fəaliyyətlərinin müxtəlifliyinə görə ən aparıcı yeri tutur. Universitetdə 49 tələbə klubu fəaliyyət göstərir. Klublar tələbələrin sosial və elmi həyatının zənginləşməsində, dərslərdən əlavə bilik və bacarıqlarının dərinləşməsində, həmçinin tələbəlik həyatının xoş və əyləncəli keçməsində çox əhəmiyyətli rol oynayır. İntellektual oyunları, şahmatı, kitab oxumağı, maraqlı oyunlar oynamağı, debat keçirməyi sevən, karyera bacarıqlarını artırmağa çalışan, xeyriyyə işi və digər fəaliyyətlərlə məşğul olmaq istəyən tələbələr üçün çoxsaylı tələbə klublarının olması onların tələbəlik həyatını daha maraqlı, effektiv və yaddaqalan edir. Bununla yanaşı, universitetdə 4 tələbə təşkilatı - Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, YAP Gənclər Təşkilatı fəaliyyət göstərir.
BMU-da məzunların işlə təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulması, tələbələrin ixtisasları üzrə təcrübə keçmələri və işlə təmin olunması məqsədilə BMU-da Müəssisələrlə əlaqələr və karyera departamenti fəaliyyət göstərir. BMU məzunlarının işlə təmin olunmasına görə ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biridir və son illərdə universitet məzunlarının 85 faizə yaxını işlə təmin edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi