BMU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

06 May 2022
BMU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyası (YAP) BMU ilk ərazi təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevin həyatını və fəaliyyətini özündə əks etdirən qısametrajlı film nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov bütün həyatını müstəqil Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı keçirilən tədbirin əhəmiyyətindən danışıb. Ulu Öndərin çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edən rektor Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizi zamanın sərt və ağır sınaqlarından çıxardığını, xalqın ictimai-siyasi, eyni zamanda mədəni həyatının bütün sahələrində dirçəliş baş verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Havar Məmmədov ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə onun gərgin fəaliyyəti ilə bağlı əsas məqamlara toxunub. Vurğulayıb ki, Ümummilli Liderin hakimiyyəti illərində ölkədə tikinti-quruculuq işləri genişlənib, iqtisadiyyat, sənaye və kənd təsərrüfatı, həmçinin mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə olunub, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilib. Bununla yanaşı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılıb, 15 mindən artıq gənc azərbaycanlı sovet məkanının nüfuzlu ali təhsil müəssisələrinə təhsil almağa göndərilib.

Rektor bugünkü qüdrətli Azərbaycanın müstəqilliyinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu önə çəkərək Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmizin sürətli inkişaf yolu keçdiyini deyib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.

Çıxışının sonunda Havar Məmmədov dahi şəxsiyyət Heydər Əliyev irsinin gələcək nəslə öyrədilməsinin zəruriliyini vurğulayıb.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ulu öndər Heydər Əliyevin gənclərə həmişə böyük qayğı ilə yanaşmasından bəhs edib. Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən gerçəkləşdiyini diqqətə çatdıran icra başçısı 1996-cı il 2 fevral tarixində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirildiyini, bundan sonra gənclər siyasətinin istiqamətlərinin müəyyən olunması çərçivəsində böyük işlər görüldüyünü önə çəkib.

Abdin Fərzəliyev Ümummilli Liderin vəsiyyətini həyata keçirən Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən, Azərbaycan xalqının ləyaqət simvoluna çevrilmiş övladlarımızın 44 gün ərzində yenilməz, dağılmaz təsəvvürü yaradılan erməni faşist ordusunu məhv etdiyini vurğulayıb. İcra başçısı qazanılan qələbənin kökündə, eyni zamanda Ümummilli Lider tərəfindən əsası qoyulmuş siyasətin davam etməsinin, müstəqil Azərbaycanın hərbi bazasının möhkəmliyinin, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dayandığını bildirib. Abdin Fərzəliyev şəhidlərimizin və qazilərimizin sosial müdafiəsi istiqamətində ölkə rəhbərliyi tərəfindən davamlı tədbirlərin həyata keçirildiyini də qeyd edib.

İcra başçısı bu gün doğma Şuşamızda çoxsaylı beynəlxalq tədbirlərin, o cümlədən “Xarıbülbül” musiqi festivalı, Dünya Azərbaycanlılarının Zəfər qurultayı və Birinci Beynəlxalq Kulinariya Festivalının təşkil olunduğunu xatırladıb, Füzuli və Zəngilanda aeroportların tikilməsindən, işğaldan azad olan şəhərlərimizin və kəndlərimizin yenidən qurulmasından ətraflı danışıb.

Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı müasir və müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu olan Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın dövlət müstəqilliyi üçün lazım olan təməllərin atıldığını diqqətə çatdırıb və bu istiqamətdə olan tarixi faktları sadalayıb. Bildirib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət qarşısında duran vacib məsələlər dövlət müstəqilliyini qorumaq və tanıtmaq, erməni təcavüzünü dayandırmaq, ölkənin inkişafının açarını tapmaq,  ölkəni vətəndaş müharibəsindən və parçalanmaqdan xilas etmək olub. Millət vəkili sadalanan məsələlərin öhdəsindən layiqincə gələn Ümummilli Liderin hakimiyyəti illərində atəşkəsin əldə edilməsindən, ölkəmizin inkişafının əsası olan “Əsrin müqaviləsi”nin imzalanmasından danışıb. Vurğulayıb ki, nefti milli sərvətə çevirən ilk dövlət xadimi məhz Heydər Əliyev olub.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyinin Azərbaycanda hakimiyyətin möhkəmləndirilməsi dövrü olduğunu vurğulayan millət vəkili onu da qeyd edib ki, bu gün Ulu Öndərin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycanın müasirləşməsi, həmçinin yeni çağırışlara cavab verən dövlətin yaradılması uğurla həyata keçirilir.

Tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev də iştirak edib.

Sonra BMU və YAP BMU ilk ərazi təşkilatı tərəfindən universitetin ictimai-sosial həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən tələbələr mükafatlandırılıb.

Tədbir universitetinin bədii özfəaliyyət kollektivinin hazırladığı bədii hissə ilə davam edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər