BMU-da Ukrayna şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb

BMU-da Ukrayna şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb

Ukraynanın “Professor Katsenbax və tərəfdaşları” adlı mühəndislik şirkətinin biznesin inkişafı üzrə direktoru Robert Dunayevski, “Ukrayna İnşaat Mühəndislik və Texniki Axtarışlar İnstitutu”nun direktor vəzifəsini icra edən Vitalіі Krainiev, həmçinin “Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi” MMC-nin direktoru Aris Məmmədov Bakı Mühəndislik Universitetində (BMU) olublar.

BMU-nun tərəfdaşı olan şirkətlərin nümayəndələri universitetin laboratoriyaları, Texnoparkı və maddi-texniki bazası ilə yaxından tanış olub, gələcəkdə ortaq layihələrin hazırlanması və birlikdə icrası istiqamətləri müzakirə olunub.

Tədbirdə BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov, Elm və İnnovasiya şöbəsinin müdiri Elçin Yusubov, Texnoparkın Baş mütəxəssisi Arif Nəcimov, Memarlıq və İnşaat fakültəsinin dekanı, dosent Afər Əlifov və Memarlıq və Dizayn kafedrasının müdiri, professor Sabir Orucov qonaqlara BMU-nun tarixi, mövcud fakültələri və tədris olunan ixtisasları, maddi-texniki bazası haqqında ətraflı məlumat veriblər. Universitetin beynəlxalq əlaqələri, o cümlədən bakalavr pilləsində həyata keçirilən BMU-İNHA ikili diplom proqramı haqqında zəruri informasiyalar qonaqların diqqətinə çatdırılıb.

Qeyd edək ki, ukraynalı qonaqlar 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi çərçivəsində Azərbaycandadırlar. BMU ukraynalı tərəfdaşları ilə birlikdə sərgidə K2202 nömrəli stenddə təmsil olunur.  

Sərgi haqqında daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: https://rebuildkarabakh.az/az-main

  İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər