Bakı Mühəndislik Universitetində (BMU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə icra edilən “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” (ASSİP) çərçivəsində başa çatan TOT (Training of Trainers-təlimçi hazırlığı) təlimlərinin məzunlarına sertifikatlar təqdim olunub.
Tədbirdə bildirilib ki, BMU-nun sertifikata layiq görülən 35 əməkdaşı topladıqları təcrübəni elmi-pedaqoji fəaliyyətlərində tətbiq etməklə yanaşı, bazara yeni startapların qazandırılmasına da töhfələr verəcəklər. Həmçinin TOT1 proqramından məzun olmaq onlara mentorluq fəaliyyətlərində yeni mərhələ qazandırıb.
Çıxışlarda təlimlər zamanı innovasiya prosesində təhsil və tədqiqat fəaliyyətlərinin rolu, elmin kommersiyalaşdırılması işində metodoloji, praktiki imkanlar, universitet-sənaye əməkdaşlığının müasir yolları, tədqiqat və inkişaf proseslərində startap yanaşması, əqli mülkiyyət, inkubasiya xidmətləri, investisiya, şirkətləşmə kimi əhəmiyyətli istiqamətlərin qlobal, o cümlədən yerli nümunələr əsasında izah edildiyi vurğulanıb. Bununla yanaşı, “BEU Technopark” və “Yeni Fikir” MMC tərəfindən icra olunan ASSİP layihəsinin məqsədinin akademik fəaliyyət göstərənlərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi yolu ilə innovasiya ekosisteminə müəllim-mentorların hazırlanması, ekosistemə inteqrasiyası, habelə onların iştirakları ilə bazara yeni startapların qazandırılmasını təmin etməkdən ibarət olduğu diqqətə çatdırılıb.
Tədbirdə proqramın növbəti mərhələləri barədə də məlumat verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi