Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin startap ekosisteminə daha aktiv şəkildə cəlb olunması istiqamətində işlərə başlanılıb.
Təşviqat işləri çərçivəsində ali təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), həmçinin klub və dərnək rəhbərləri ilə dəyirmi masa keçirilib.
BMU Texnorpakının təşəbbüsü ilə gerçəkləşən tədbirdə qlobal tendensiyalar, bu tendensiyalardan irəli gələrək formalaşdırılmış “III nəsil universitetlər” konsepsiyası, o cümlədən universitetin strateji hədəflərinə əsasən startap hərəkatının inkişaf etdirilməsi ilə bağlı fikirlər bildirilib. Eyni zamanda ali təhsil müəssisəsinin universitet-sahibkar modelində inkişafı, bu sahədə startap mədəniyyətinin yaradılması və s. məsələlərlə bağlı tələb və gözləntilər vurğulanıb.
Müzakirələrlə davam edən tədbirdə “BEU Startup” layihəsi çərçivəsində növbəti qrupların formalaşdırılmasının vacibliyi qeyd olunaraq müvafiq görüşlərin mütəmadi davam etdirilməsi qərara alınıb.
İctimaiyyətlə əlaqələr şöbəsi