Bakı Mühəndislik Universitetində (BMU) Təhsilin İnkişafı Fondu (TİF), Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə layihəsi olan “Tələbə Plus” kartı ilə bağlı məlumat sessiyası keçirilib.
İnfosessiyanın açılışında çıxış edən universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova “Tələbə Plus” u uğurlu layihə adlandırıb. O, tələbələrə güzəşt və endirimlər təklif edən, keşbek qazandıran özəl kartların artıq paylanıldığını, müxtəlif məkanlarda istifadə olunduğunu bildirib, həmçinin kartla bağlı yeniliklər, eləcə də kartın istifadəsində hansısa məqamlara aydınlıq gətirmək baxımından infosessiyanın əhəmiyyətini vurğulayıb.
Sonra TİF-in şöbə müdiri Rəsul Həşimov çıxış edərək, “Tələbə Plus” layihəsinin fondun həyata keçirdiyi ən böyük sosial dəstək proqramı olduğunu deyib. O, ölkənin əksər ali məktəblərinə şamil edilən layihənin tələbələrdə məmnunluq yaratmaq, onların gündəlik xərclərinin səmərəliliyinə dəstək olmaq niyyəti ilə gerçəkləşdirildiyini söyləyib.
Tədbirdə “Tələbə Plus” kartı ilə bağlı geniş təqdimat edən TİF-in ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Nərgiz Qədirova layihə barədə geniş məlumat verib. Təqdimatda təhsil, səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən layihənin tərəfdaşlarının genişləndiyi, kartın istifadə olunduğu məkanların sayının artdığı bildirilib. Tələbələrin əsasən təhsil mərkəzləri, geyim, qida sahələrinə müraciət etdikləri vurğulanaraq tibbi xidmət imkanları, bu xidməti təklif edən konkret klinikaların adları təqdim olunub.
Sonda çıxış edən layihənin tərəfdaşlarından biri olan “Code Academy”nin nümayəndəsi Xatirə Cəfərova akademiyanın tədris proqramlarını nəzərə çatdırıb. Bildirib ki, tələbələr “Tələbə Plus” kartı ilə akademiyanın proqramlaşdırma, dizayn, rəqəmsal marketinq, kibertəhlükəsizlik, data analitika və digər texnoloji sahələrə dair tədris proqramları, təlimlər və kurslarından əlverişli şərtlərlə yararlana bilərlər.
İnfosessiya tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi