Bakı Mühəndislik Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının tədris-metodik iclası keçirilib. İclasda çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Mayis Əzizov gündəlikdə duran məsələlərin vacibliyindən danışıb və iclasın keçirilməsini müsbət hal kimi qiymətləndirib.
“Dünya iqtisadiyyatı” kafedrasının müdiri dosent Şəhriyar Muxtarov kafedranın tədris etdiyi fənnlərin sillabuslarının hazırlanması zamanı mövzu ardıcıllığının qorunmasına, ixtisas və qeyri-ixtisas qruplarında tədris olunan fənnlərin sillabuslarının fərqli hazırlanmasına xüsusi fikir verilməli olduğunu, ilk dərsdə sillabuslar tələbələrə təqdim edilməli olduğunu və tədris olunacaq mövzuların ümumi izahı verilməsinin vacibliyini diqqətə çatdırdı.
Dosent Şəhriyar Muxtarov kafedranın elmi potensialının gücləndirilməsi məqsədi ilə ölkəmizdə gedən iqtisadi inkişafı özündə əks etdirən mövzunun seçilməsinin və bu istiqamətdə elmi araşdırmanın aparılmasının vacibliyindən də danışıb.
İclasda xüsusilə, “Dünya iqtisadiyyatı” ixtisasında tədris olunan “İqtisadiyyata giriş”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat” kimi fənnlərin sillabuslarının hazırlanması kafedra əməkdaşları ilə müzakirə edilib. Dosent Mayis Əzizov qeyd edilən fənnlərin mövzularının yaxın olmasını nəzərə alaraq, sillabusların hazırlanması zamanı mövzu seçiminə diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb. İclasda həmçinin, dərslərin tədrisi üçün elmi ədəbiyyat kimi nəzəri və praktik məlumatları daha innovativ olan iqtisadiyyat kitablarından istifadə olunması qərara alınıb.