Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130-cu ildönümününə həsr olunmuş “Tarix yaxından və uzaqdan: Əhməd Cavad zirvəsi” mövzusunda elmi seminar keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan seminarda Pedaqoji fakültənin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Təranə Hacıyeva 2022-ci il aprel ayının 20-də Prezident İlham Əliyevin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını xatırladıb və xalqımızın ədəbiyyat tarixində əvəzedilməz xidmətləri olan insanların irsinin araşdırılması istiqamətində dövlətin gördüyü işlərə diqqət çəkib. T.Hacıyeva çıxışında milli istiqlal çarçısı Əhməd Cavadın ömür yolu, həyat və yaradıcılığı, o cümlədən ictimai-siyasi, ədəbi, pedaqoji, tərçüməçi kimi çoxşaxəli fəaliyyəti haqda ətraflı məlumat verib. Kafedra müdiri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinə məxsus olan “Azərbaycan marşı”nın Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiqlənərək dövlət rəmzinə çevrilməsinin onun parlaq yaradıcılğının zirvə nöqtəsi olduğunu vurğulayıb.
Sonra Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi Ülvi Babayev “Tarix yaxından və uzaqdan: Əhməd Cavad zirvəsi” mövzusunda elmi məruzə ilə çıxış edib. Əhməd Cavad şəxsiyyətinin ədəbi kimliyindən üstün durduğunu deyən məruzəçi onun ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınması, repressiya qurbanı kimi özünün və ailə üzvlərinin böyük işgəncələrə məruz qalması, buna baxmayaraq, ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiqliyini qorumasından danışıb.
Məruzənin ardınca Azərbaycan dili və pedaqogika kafedrasının professoru Akif Hüseynov və digərləri görkəmli şəxsiyyət Əhməd Cavadın həyatı, yaradıcılığı və fəaliyyəti haqqında fikirlərini bildiriblər. Çıxışlarda Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olması, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilməsi bildirilib.
Elminar seminar mövzu ətrafında tələbələrin suallarının cavablandırlması ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi