Bakı Mühəndislik Universitetində (BMU) 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Sədi Musayevin anım günü ilə əlaqədar “Qanla yazılan ömür” adlı sənədli filminin ilk təqdimat mərasimi keçirilib.
Öncə Vətən uğrunda şəhid olan bütün qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bu günün tarixi baxımdan əhəmiyyətini vurğulayıb. Aprel döyüşlərinin 6-cı ildönümünün qeyd olunduğunu diqqətə çatdıran birliyin sədri, aprelin 1-i tarixinin, eyni zamanda, aprel döyüşlərində qəhrəmanlıq göstərib qazi olan, Vətən müharibəsində isə şəhid olan polkovnik-leytenant Sədi Musayevin anım günü olduğunu bildirib.
S.Orucova çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin ali təhsil müəssisələrində təşkil olunmasında əsas məqsəd şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq səlnaməsini gənclərə çatdırmaqdır.
Sonra “Qanla yazılan ömür” adlı sənədli filmi nümayiş olunub. Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Qanla yazılan ömür” layihəsi çərçivəsində hazırlanıb.
Daha sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov filmin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox böyük əhəmiyyət kəsb etdiyini bildirib və filmin hazırlanmasında əməyi keçən hər bir quruma təşəkkürünü ifadə edib.
Anım tədbirinin aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində keçirildiyini deyən rektor bu döyüşlərin böyük zəfərimizin başlanğıcı olduğunu vurğulayıb. Aprel döyüşlərinin Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndiyini deyən Havar Məmmədov bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifin alt-üst edildiyini bildirib.
2020-ci il sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladığını xatırladan rektor 44 gün davam edən Vətən müharibəsinin otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndiyini vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldığını bildirən Havar Məmmədov torpaqlarımızın qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edildiyini söyləyib.
Havar Məmmədov Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayevin həm aprel döyüşlərində, həm də Vətən müharibəsində böyük igidliklər göstərdiyini, qəhrəman şəhidimizin ölkə Prezidentimizin müvafiq sərəncamları ilə ən yüksək medal və ordenlərlə təltif edildiyini diqqətə çatdırıb.
BMU-da qazilərimizlə mütəmadi görüşlərin təşkil olunduğunu önə çəkən rektor qazilərin müalicəsi, onların və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini fikirlərinə əlavə edib.
Millət vəkili Ceyhun Məmmədov filmin yüksək vətənpərvərlik ruhunda çəkildiyini bildirib. Aprel hadisələrinin Azərbaycan tarixində qızıl hərflərlə yazılmış zəfərlərimizdən biri olduğunu söyləyən millət vəkili Qarabağ müharibəsinin tarixinə nəzər salıb. Qeyd edib ki, ölkəmiz 90-cı illərin əvvəllərində peşəkar ordusuz və iqtisadiyyatımızda problemlərin mövcud olduğu dövrdə müharibəyə daxil olmuşdu. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra qısa müddətdə böyük işlər görülüb, iqtisadiyyatımız dirçəlib, ordu quruculuğu yüksəlib.
Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlərə toxunan millət vəkili şəhid ailələrinə verilən dəstək və qayğıdan da danışıb. Ceyhun Məmmədov təhsil müəssisələrində bu kimi tədbirlərin keçirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbəri, icraçı direktoru Mehman İsmayılov çıxışında şəhidlərimizin tanınması istiqamətində fondun həyata keçirdiyi müxtəlif tədbirlər, layihələr barədə məlumat verib.
Sədi Musayevin döyüş yoldaşları- Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəis müavini, polkovnik Nizami Mövlanov və polkovnik, ehtiyatda olan zabit Nemət Məmmədov, şəhid ailəsi üzvü Səftər Vəliyev çıxışlarında onunla bağlı xatirələrini bölüşüb, keçdiyi döyüş yolundan danışıblar.
Tədbir Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, sabiq millət vəkili Flora Qasımova, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi kapitan Anar Məmmədov və “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyevanın çıxışları ilə davam edib.
Sonda Sədi Musayevin ailə üzvlərinə tarixi zəfərimizlə bağlı xatirə hədiyyəsi təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi