Bakı Mühəndislik Universitetində (BMU) “ROHDE und SCHVVARZ” günü adlı seminar keçirilib.
BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının müdiri, professor Ramiz Hümbətov “ROHDE und SCHVVARZ- radiotexnika sahəsində 90 illk innovasiyalar” devizi altında təşkil olunan seminarın Almaniyanın məşhur transmilli şirkətinin yubileyinə və adıçəkilən kafedranın yaranmasının 5 illiyinə həsr olunduğunu bildirib.
Radiotexnika, telekommunikasiya, elektrik, elektronika, avtomatika və digər ixtisaslar üzrə təhsilalan tələbələrin və kafedra müəllimlərinin iştirak etdiyi tədbirdə “ROHDE und SCHVVARZ” şirkətinin mühəndisi Sergey Rıbinski təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.
Seminara Münhendən onlayn qoşulan şirkətin meneceri Aleksandr Beresnev isə “ROHDE und SCHVVARZ”a aid ən son yeniliklər, o cümlədən nəzarət-ölçmə avadanlıqları ilə iştirakçıları tanış edib.
Sonra seminarda elektromaqnit uyğunluğunun testdən keçirilməsi, eləcə də son yeniliklər, tətbiqlər barədə məruzələr dinlənilib.
Nəzarət-ölçmə avadanlıqları ilə bağlı nailiyyətlər, “ROHDE und SCHVVARZ” şirkətinin telekommunikasiya, sənaye və tibb standartları üçün elektromaqnit uyğunluğu sahəsində innovativ həlləri, şirkətin təhsil sahəsində rolu seminarın müzakirə mövzusu olub. Digər mövzular sırasında şəbəkənin işçi xarakteristikalarının indeksləşdirilməsi metodologiyasından istifadə etməklə ETSI TR 103 559 baza standartlarına əsasən rabitə operatorlarının müqayisəli analizi, “ROHDE und SCHVVARZ” şirkətinin qabaqcıl vektor generatorlarından istifadə etməklə rabitə sistemlərinin və qlobal naviqasiyalı rabitə sistemlərinin siqnallarının imitasiyası, rabitə şəbəkələrində maneələrin axtarışı, lokallaşdırılması, televiziya sahəsində 5-ci nəsil yayım (5G Brodcasting) həlləri kimi məsələlər yer alıb.
Məruzələrdən sonra ekspertlər seminar iştirakçılarının suallarını cavablandırıblar.
Qeyd edək ki, “ROHDE und SCHVVARZ” sənaye, infrastruktur operatorları və dövlət müştəriləri üçün elektron investisiya məhsullarının işlənilib hazırlanmasını, istehsalını və satışını həyata keçirən müstəqil alman konsernidir. Konsern özünün əsas fəaliyyət sahələrində: naqilsiz rabitə və radiotezlikli ölçmə texnikası, teleyayım və media, hava nəqliyyatının idarə olunması və hərbi radiorabitə sahələrində texnologiyaların və bazarın liderdir.
İctimaiyyətlə əlaqələr şöbəsi