BMU-da “Qaranlıqdan günəş işığına” adlı maarifləndirici tədbir keçirilib

30 Aprel 2022
BMU-da “Qaranlıqdan günəş işığına” adlı maarifləndirici tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Qaranlıqdan günəş işığınaadlı tədbir keçirilib.

“Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyi tərəfindən təşkil olunan tədbirin məqsədi gəncləri narkomaniya və pis vərdişlərdən uzaq tutmaq, onları idmana cəlb etməkdir.

Açılış nitqi ilə çıxış edən BMU-nun Pedaqoji fakültəsinin dekanı, dosent Elşad Abdullayev tədbirin əhəmiyyətindən bəhs edib. Narkomaniyanı müasir dövrümüzün ağrılı problemi kimi xarakterizə edən dekan tələbələri bu bəşəri bəladan uzaq durmağa səsləyib.

“Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin sədri Elçin Çobanzadə narkomaniya ilə dövlət səviyyəsində mübarizə aparıldığını və rəhbərlik etdiyi təşkilatın bu sahədə mütəmadi tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Ölkəmizdə narkomaniya ilə mübarizə aparan dövlət və qeyri-hökumət təşkilatları ilə müntəzəm əlaqədə olduqlarını qeyd edən sədr çıxışının sonunda gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Tədbirdə psixoloq Pərvanə Baxşəliyeva psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, ailədə problemlərin yaşanması, həmçinin narkotik qəbul edən şəxsin həyatdan uzaqlaşması və yenidən normal həyata dönməsi barədə ətraflı məlumat verib.   

Daha sonra əvvəllər narkotik aludəçisi olmuş, hazırda isə “Azad həyat” reabilitasiya mərkəzinin rəhbəri olan Həmid Yunusov çıxış edib.  Narkomaniya mövzusunun sosial problem kimi bütün dünyada aktuallıq kəsb etdiyini vurğulayan H.Yunusov narkomaniya ilə mübarizədə ölkəmizdə gerçəkləşdirilən tədbirlərdən bəhs edib. O,  reabilitasiya mərkəzinə müraciət edən Ruslan Həşimovun timsalında bu bəladan qurtulmağın yollarından danışıb.

 Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər